“Bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır"- Ülviyyə Ağayeva
11 Yanvar 2023 13:17 İdman"Azərbaycan Respublikası demokratik inkişaf yolunu tutmuş, siyasi və iqtisadi cəhətdən müasir həyat tərzi qurmaqda olan dövlətdir. Dövlətin daxili siyasətinin prioritet sahələrindən biri kimi həmişə gənclərə qayğı, gənclərin harmonik inkişafı, cəmiyyətə açıq olması və sağlam həyat tərzi sürməsi istiqamətində aparılan işlər təşkil edir. Bu istiqamətdə yürüdülən siyasət xarici siyasətdə də özünü göstərir. Dövlət Azərbaycan gənclərinin dünya ölkələrində keçirilən ictimai-siyasi tədbirlərə qatılması, dünya gəncləri arasında ölkəmizin sözünü deyə bilməsi, ölkəmizin hüquqlarını müdafiə etməsi və bütün humanist tədbirlərə imza atması yolunda mühüm addımlar atır, gəncləri fəal və sağlam həyat tərzinə təşviq edir. Bu istiqamətdə dövlətin xüsusi qayğı ilə əhatə etdiyi sahələrdən biri də idmandır". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib. Onun sözlərinə görə, Azərbaycanda idmana qayğı və diqqət Respublikanın müstəqilliyinin bərpasının ilk illərindən - 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlamışdır. "Digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara qatılması, dövlətimizi layiqincə təmsil etməsi üçün addımlar atılmağa başlamışdır. Azərbaycan idmançılarının Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdır. Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır"- o qeyd edib.
Deputat əlavə edib ki, bu prosesin belə uğurlu və sürətlə baş verməsinə 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsinin mühüm təsiri olmuşdur, ölkəmiz üçün Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafının yeni mərhələsi başlanmışdır: "Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirmişdir. Bu illər ərzində idmançılarımızın qatıldıqları hər bir mötəbər idman tədbirlərində əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Qeyd etmək lazımdır ki, cənab ilham Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçildikdən sonra da idmanı dövlətin prioritet siyasət sahəsi kimi inkişaf etdirmişdir. 2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində çaldığı qələbədən sonra idmançılarımızın dünya idman arenalarında qələbələrə imza atması da xüsusi mahiyyət kəsb edir. Onlar bununla Azərbaycanın bütün sahələrdə qalib bir xalq olduğunu nümayiş etdirir və bayrağımızı qalib ölkənin vətəndaşları kimi ucaldır, himnimizi qalib ölkənin zəfər himni kimi səsləndirməyə nail olurlar".