İdmanın inkişafına mane olan amillər hansılardır?
9 Sentyabr 2021 11:24 İdmanBu sahədə ciddi islahatlara ehtiyac var
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət ölkədə idman sahəsinin də dinamik inkişafı ilə müşayət olunub. Belə ki, Azərbaycan artıq istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə edib. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də təsadüfi deyildi. Etiraf edilməlidir ki, "Bakı-2015" ilk Olimpiya Oyunları ölkəmizin idman tarixində yeni maraqlı səhifə açdı. Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti Oyunlara bələdçi hadisə oldu və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdirildi. Bundan əlavə, 2017-ci ilin may ayında Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etdi. İki il ərzində hər iki mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. O da faktdır ki, sadalanan idman yarışlarında Azərbaycan idmançıları fəallıq nümayiş etdirərək Azərbaycan bayrağını yüksəltməyə nail oldular. Məlumat üçün qeyd edək ki, Birinci Avropa Oyunları zamanı Azərbaycan 56 medal qazanaraq ikinci oldu. Bundan sonra, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıldı ki, Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdə qərarlaşdı. Nəhayət, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları yarışları birinci pillədə başa vuraraq hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazandılar. Lakin Tokio Olimpiadasında idmançılarımızın əldə etdikləri "naliyyətlər" deməyə əsas verir ki, ölkə idmanında ciddi axsamalar baş verməkdədir. Daha çox "Tokio-2020" Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızın medal qazanmaları bu sahədə ciddi islahatların aparılmasına ehtiyac olduğunu deməyə əsas verir.
Qeyd edək ki, Azərbaycanda idman sahəsinin inkişafı üçün hər cür şərait yaradılıb, regionlarda onlarla Olimpiada mərkəzləri yaradılıb, dövlət büdcəsindan bu sahənin inkişafına kifayət qədər vəsait ayrılıb. Çox təssüf ki, idman sahəsinə cavabdeh olan şəxslərin məsuliyyətsizliyi ucbatından Azərbaycanın adını yüksəklərə qaldıran, bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmağa qadir olan idmançıların yetişdirilməsi arxa plana keçirilib. Əldə etdiyimiz məlumata görə, əksər ümumtəhsil müəssisələrində bədən tərbiyyəsi dərslərinə bir o qədər də önəm verilmir, bir sıra hallarda sözügedən fənni ümumiyyətlə bu sahəyə aidiyyati olmayan müəllimlər tədris edir. İxtisaslaşmış idman məktəbləri və Olimpia mərkəzlərində ödənişlər yeksək olduğundan illərlə qapıları bağlı qalır. Bölgələrdə uşaq-idman məktəblərinin fəaliyyətindən isə ümumiyyətlə danışmağa dəyməz. Gənclərin idmanla məşğul olmaları üşün əlçatan şərait yaradılmadığından narkomaniyaya meyillik artmaqdadır. İdman məşqlərinə 40-50 manat, bəzən daha artıq məbləğdə vəsait ödəyə bilməyən gənclər təbii ki, 3-5 manata "pati" əldə etməyə meyilli olurlar. İdmanın müxtəlif sahələri üzrə federasiyalar da eyni aqibəti yaşamaqdadır. Etiraf edilməlidir ki, idman fedarasiyaların fəaliyyəti tamamilə yarıtmaz vəziyyətdədir. Pandemiyanı əsəs gətirən federasiyalar yalnız büdcədən ayrılan vəsiti mənimsəmək yollarını axtarırlar. Mövcud vəziyyət isə idman sahəsində ciddi nöqsanların olduğunu və onların təhlil edilərək inkişafa təkan verəcək qərarların qəbulunu tələb edir. Elə Prezident İlham Əliyev də Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı qeyd etdi ki, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır: "Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır".
Bir daha xatırladaq ki, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Sirr deyil ki, bütün görülən işlər, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynaya bilər. Qalır cavabdeh şəxslərin üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşması. Yalnız bu halda Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirə bilər. Nəzərə almaq lazımdır ki, bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir.
Alim