Azərbaycanın idman tarixinin ən parlaq nailiyyəti

"Dünyanın diqqətinin yönəldiyi "Tokio-2020" XVI Yay Paralimpiya Oyunları kifayət qədər maraqlı məqamları ilə yadda qaldı. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçirilən və 10 gün davam edən yarışlar Azərbaycan üçün isə xüsusilə əlamətdar oldu. Biz, sözün əsl mənasında, tarixi anlara şahidlik etdik. Azərbaycan millisinin yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması, heç şübhəsiz, tarixi hadisədir. Bu, Azərbaycanın idman tarixində ən yaxşı göstəricisi kimi yadda qaldı. Qürurverici haldır ki, Paralimpiya yığmamız 163 ölkələr arasında 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında isə 1-ci yerdə qərarlaşıb". "OLAYLAR"  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov səsləndirib. Millət vəkili qeyd edib ki,  belə bir yüksək nəticənin qeydə alınması təsadüfi deyil: "Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirlər. Ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, müasir idman infrastrukturu yaradılıb, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə gənc nəslin idmana xüsusi maraq göstərməsinə, gənclərin fiziki və mənəvi-psixoloji cəhətdən sağlam yetişmələrinə stimul verir".
Deputatın sözlərinə görə, idmanın inkişafı və idmançılarımızın beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri Azərbaycan reallıqlarının qlobal müstəvidə təbliği üçün də böyük əhəmiyyət daşıyır: "İnanırıq ki, idmanın kütləviliyinin təmin olunduğu ölkəmizdə bu sahənin inkişafı davamlı olacaq, Azərbaycan dünya miqyasında yeni tarixi nailiyyətlərə imza atacaq!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31