AVRO 2020-nin finalına sayılı dəqiqələr qalır...
Bu gün Avropa çempionatının final matçı keçiriləcək.
11 İyul 2021 22:40 İdmanBu gün saat 23:00-da İngiltərənin paytaxtı Londonda yerləşən "Wembley" stadionunda İngiltərə - İtaliya matçı baş tutacaq.
"Olaylar.az" xəbər verir ki, oyunun baş hakimi hollandiyalı Björn Kuipers olacaq.
Komandaların finala gedən yolları...
İtaliya A qrupunda 3 oyun keçirib və hər birində qələbə qazanıb. Türkiyə və İsveçrəni 3-0, Uelsi isə 1-0 məğlub edib.
16/1 turunda əlavə vaxtda Avstriyanı 2-1 məğlub edən italyanlar dörddəbir finalda Belçikanı eyni hesabla keçərək yollarına davam ediblər. Yarımfinalda italyanlar İspaniya milli komandası ilə qarşılaşıb. Əsas vaxtı 1-1 bitən oyunun uzatma dəqiqələrində də hesab dəyişməyib. Penaltilərdə 4-2 üstünlük qazanan İtaliya finala vəsiqə qazanıb.
D qrupunda mübarizə aparan İngiltərə Xorvatiya və Çexiyanı 1-0 məğlub edib. Şotlandiya ilə 0-0 bərabərə qalıb. 16/1 turu uğrunda keçirilən oyunda Almaniyanı 2-0, dörddəbir finalda Ukraynanı 4-0 məğlub edən İngilislər bir qol belə buraxmadan yarım finala çıxıblar. İngilislər yarımfinalda Danimarkaya qarşı oynayıblar. Əlavə vaxtda vurduqları qolla 2:1 qələbə qazanaraq final mərhələsinə vəsiqə alıblar.
Meydana ev üstünlüyü ilə çıxacaq İngiltərə turnirdən əvvəl 1968 və 1996-cı illərdə yarımfinal oynayıblar. 1966 Dünya Kuboku çempionu İngilislər Avropa Çempionatı tarixində ilk dəfə finala yüksəliblər.
Dünya kubokunu 4 dəfə qazanan İtaliyanlar 1968-ci ildə Avropa çempionatı tarixində yeganə qələbələrini qazanıblar. Avropa çempionatında 53 illik çempionluq həsrətini bitirməyi hədəfləyən İtalyanlar 2000 və 2012-ci illərdə turnirin finalına çıxsalar da kuboka çata bilməyiblər.
Bundan əvvəl komandalar 27 dəfə qarşı-qarşıya gəliblər.
İngiltərə və İtaliya 28-ci dəfə AVRO 2020 finalında qarşılaşacaq.
Əvvəlki 27 matçda İtaliya 10, İngiltərə 8 dəfə qalib gəlib. 9 matç bərabərliklə bitib.
İngiltərə qol sayında üstünlük təşkil edir. İndiyə qədər oynanan qarşılaşmalarda İngiltərə 33, İtaliya 31 qol vurub.
İki komanda sonuncu dəfə 2018-ci ilin mayında Wembley Stadionunda keçirilmiş yoldaşlıq görüşündə qarşılaşıblar. Oyun 1-1 bərabərliklə başa çatıb.
Qeyd edək ki, hər iki komanda AVRO-2020 finalına məğlubiyyətsiz gəlib.