Qadın voleybolçularımız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlaşır
Qadın voleybolçularımız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlaşır
25 Dekabr 2019 12:41 İdmanQadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Voleybol Federasiyasından "OLAYLAR"-a bildirilib ki, yığmamız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa dekabr ayının 24-də Voleybol Mərkəzində başlayıb.
Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Voleybolçularımız ardınca Türkiyə və Polşada təlim-məşq toplanışında olacaqlar. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınamağı da planlaşdırır.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.
Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.