Balaca gimnast Mina Abbasova 1 ayda 4-cü medal qazandı

Balaca gimnast Mina Abbasova 1 ayda 4-cü medal qazandı

Macarıstanın Budapeşt şəhərində Bədii Gimnastika üzrə  X ənənəvi beynəlxalq "Yeni il" kuboku uğrunda yarışlar keçirilib. Olaylar.az bildirir ki, turnirlərdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya, İrlandiya və Azərbaycanın  21 klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz  - artıq yalnız qələbələrinə adət etdiyimiz  on  yaşlı Mina  Abbasova bu dəfə də  üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinciliyi əldə edib və noyabr ayı ərzində  4-cü medalını - ümumilikdə isə 39-cu medalını (15 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.
 Balaca Minadan başqa Azərbaycanı bu yarışlarda "Gym kids" klubu da təmsil edib. Öz uğurlu çıxışları ilə müxtəlif yaş qruplarından olan  gimnastlarımız - Əlizadə Fatimə (2012),
Aybəniz  Qafarova (2014), Samirə Rzayeva  (2014), Daniela Səfarova (2010) 1-ci yerlərə,
  Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Həşimova  (2010) 2-ci yerlərə sahib olublar. 
Qeyd edək ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadığı ölkədə -  Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya  gələn  Mina məhz "Gym kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının  Macarıstanda qazandığı uğurlar Minanı hədsiz sevindirir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31