8 yaşlı azərbaycanlı gimnast 32 medalın sahibidir
Balaca gimnast Mina Abbasova idman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlamış və qısa vaxt ərzində Budapeştdə keçirilən “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür.
7 Aprel 2019 16:41 İdmanBalaca gimnast Mina Abbasova idman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlamış və qısa vaxt ərzində Budapeştdə keçirilən "Beynəlxalq Bahar kuboku - 2016" yarışmasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür. O, Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi "Rus Rg Sport" klubunun üzvüdür. Balaca Mina müxtəlif ölkələrdə keçirilən bir sıra beynəlxalq turnirlərin iştirakçısı olmuşdur. Macarıstan, Polşa, İtaliya, Xorvatiya, Almaniya və doğma Bakıda təşkil edilən ən müxtəlif, beynəlxalq yarışlarda iştirak edərək 32 medala - 11 qızıl, 19 gümüş, 2 bürünc olmaqla yüksək mükafatlara layiq görülmüşdür.
Qeyd edək ki, Abbasova Mina Vüsal qızı 2010-cu ildə Bakı şəhərində anadan olub. O, hal-hazırda Macarıstanın Budapeşt şəhərində gücləndirilmiş ingilis dili təmayüllü məktəbin 3-cü sinfində təhsil alır. 4 yaşından valideynlərinin işi ilə əlaqədar ezam olunduqları Macarıstan Respublikasında yaşasa da, iştirakçısı olduğu yarışlarda Azərbaycan bayrağı altında çıxış edir.
Hazırda M.Abbasova daha böyük məsuliyyətlə növbəti beynəlxalq səviyyəli yarışlara hazırlaşır.