Dünya çempionatında ilk xalımızı qazandıq

Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. ONA-nın məlumatına görə, bu gün III turun qarşılaşmaları baş tutub.

Kişilərdən ibarət Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Nicat Abbasovun qalib gəldiyi turda Rauf Məmmədovun məğlubiyyəti komandamızı qələbədən məhrum edib. Qədir Hüseynovla Arkadi Naydiç isə turu yarım xalla başa vurub. Nəticədə 2:2 hesablı heç-heçəyə imza atan millimiz çempionatda ilk xalını əldə edib. 

III turun digər matçlarında İran İsveçi, Hindistan Misiri eyni - 3,5:0,5 hesabı ilə məğlub edib. Rusiya isə Çin üzərində qələbə qazanıb - 2,5:1,5. İngiltərə və ABŞ arasında dueldə qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, millimiz IV turda autsayderlərdən biri olan İsveçlə görüşəcək. Digər oyunlarda ABŞ - Qazaxıstan, Rusiya - İngiltərə, Hindistan - Çin, İran - Misir cütləri qarşılaşacaq.

Dünya çempionatı

III tur

Qazaxıstan - Azərbaycan - 2:2

Rinat Cumbayev - Arkadi Naydiç - 0,5:0,5

Ənvər İsmaqambetov - Rauf Məmmədov - 1:0

Murtaz Kajqaleyev - Qədir Hüseynov - 0,5:0,5

Pyotr Kostenko - Nicat Abbasov - 0:1

Turnir cədvəli: Rusiya - 6 xal, İngiltərə, ABŞ, Hindistan - 5, İran, Qazaxıstan - 3, Çin 2, Azərbaycan - 1, Misir, İsveç - 0.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31