"Azərbaycan idmançıları beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər" - Bəhruz Quliyev
6 Sentyabr 2018 18:59 İdman"III Dünya Köçəri Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanması münasibəti ilə dövlət başçımızı və bütün xalqımızı təbrik edirəm. Azərbaycan idmançıları həmişəki kimi, beynəlxalq arenada uğurla çıxış edir, ölkəmizi layiqincə təmsil edirlər".
Bunu III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
O qeyd edib ki, idmançılarımızın III Dünya Köçəri Oyunlarında uğurla çıxış etməsi Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir: "İdmançılarımız onlara göstərilən etimadı doğruldurlar. Hazırda Azərbaycan millisinin aktivində 14 medal var. Onlardan 1-i qızıl, 5-i gümüş, 8-i isə bürünc medaldır. Medallarımızın sayı artmaqda davam edəcək".
B.Quliyev vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı bütün dünyanın diqqət mərkəzindədir: "Ölkəmizdə dünyanın ən böyük idman yarışları yüksək səviyyədə təşkil edilir. Bütün dünya Azərbaycanın təşkilatçılıq bacarığının şahidi olub. İdmançılarımız isə dünyanın ən mötəbər yarışlarında əldə etdikləri nəticələrlə xalqımızı sevindirirlər. Əminəm ki, Azərbaycan bundan sonra da daha böyük uğurlara imza atacaq".
SİA