Balaca gimnastdan Azərbaycan şərəfinə növbəti qızıl medal

Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan Bədii Gimnastika Federasiyasının təşkilatçılığı ilə XVII ənənəvi Graciya kuboku uğrunda yarışlar təşkil edilib.

Olaylar.az bildirir ki, yarışlarda ev sahibi Macarıstanla yanaşı, ABS, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Luksenburq, Xorvatiya, Slovakiya, Misir, Cexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, Italiya, Malaziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmaları və yerli klubları da iştirak ediblər.

Əvvəlki turnirlərdə  Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz  Mina Abbasova  bu dəfə Azərbaycanı təmsil edib. Onun istedadını, indiyə qədər  qazandığı nailiyyətləri nəzərə alan təşkilatçılar balaca gimnasta arzusunu reallaşdırmaq üçün şərait yaradıblar.

Çoxnövçülük üzrə yarışlarda həmyaşıdlarını böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran Mina Abbasova növbəti qızıl medalını Azərbaycan bayrağı altında qazanıb.

Ikinci pilləyə Ukrayna, üçüncu pilləyə isə Rusiyalı gimnast sahib olub.

Qeyd edək ki,  Mina Abbasova  2010-cu ildə Bakı şəhərində anadan olub.

Hal- hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayır. İştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənməyi bacaran balaca gimnast idman karyerasına hələ  5 yaşındaykən baslamış və qısa vaxt ərzində bir çox  beynəlxalq  yarışmalarda iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31