TOPs proqramının 4-cü mövsümünə yekun vurulub
2 İyul 2018 11:24 İdmanAzərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümü başa çatıb.
Olaylar.az xəbər verir ki, 2017-2018-ci tədris ilində TOPs layihəsinə 78 ümumtəhsil məktəbi qoşularaq Proqramda iştirak edən məktəblərin sayı 150-yə çatdırılıb.
Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihə çərçivəsində həmin məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib.
Qeyd edək ki, təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və dərslərin tədrisinin keyfiyyətinin yüksəldilməsidir. Təlimlərdə, həmçinin müəllimlərə fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiq edilməsi üçün milli kurikluma uyğunlaşdırılmış Metodiki Tədris kartları da təqdim edilib. Təlimləri uğurla başa vurmuş 470 müəllimə Sertifikatlar təqdim edilib.

