Rusların mundialda bəyəndiyi müsəlman -  Nataşanın Azarı...

Belçika millisinin dünya çempionu ola biləcəyi haqda proqnozlar artır; komandanın ulduz futbolçusu haqda yazmağın bir neçə səbəbi...

Rus şərhçilər onun oyununu çox bəyənirlər. Top onun ayağına gələn kimi adını çəkirlər, "bax, bax necə aldatdı",  "bax, necə müdafiəçiləri keçdi" deyib onu öyürlər. Ümumiyyətlə, Rusiya millisinin  oyunlarını şərh edərkən  aşırı vətənpərvərlik kimi hay-həşirləri  olmasa, bir də Almaniyanın məğlubiyyətinə Berlini yenidən alıbmış kimi sevinməkləri olmasaydı,  şərhçilərinə obyektiv "4"  qiymət vermək olar.  Şərhçi "şkola"sı  olub və davam edir...     

Rusların çox təriflədiyi  Belçika millisinin oyunçusu Eden Azar Rusiya mundialında İngiltərə ilə dünən axşamkı oyunadək cəmi iki qol vurub. Onun haqqında  "Avro-2016"da da  çox danışılırdı. Təəssüf ki, hələ bu çempionatda ulduzu  parlayan oyunçu yoxdur. Bombardir hələ ən yaxşı demək deyil axı..

Eden Azar haqda ötən Avropa çempionatında da yazmışdım. Onun oyunu doğrudan da əsl  peşəkar oyunudur. Baxmayaraq ki, "Çelsi"nin və Belçika yığmasının yarımmüdafiəçisi haqda  belə erkən yazmağın düşər-düşməzi də ola bilər. Çoxları Belçikanı çempion kimi görür artıq... Tələsməmək lazım...

Nəsillikcə futbolçu

Eden Azar ( Eden Hazard)  1991-ci ilin 7 yanvarında  Belçikanın La-Luver şəhərində anadan olub. Onun ailəsi futbola yad deyil, əksinə, çox bağlı adamlardır.  Müsəlman kökənli anası Katrin  Belçikada futbol komandasında oynayıb. Atası Terri karyerasının əsas hissəsini Belçikanın ikinci divizionunda oynayan "Luveros" komandasında keçirib. Anası isə qadınlar üzrə birinci divizyonda hücumçu mövqeyində oynayıb. Edenə üç aylıq hamilə olarkən isə komandadan ayrılıb. Atası kökənli belçikalı olsa da, anası mərakeşlidir. Bu səbəbdən də Edenin müsəlmanlığı qəbul etdiyi deyilir.  

Evləri La-Luver şəhərində stadionun 10 metrliyində  yerləşdiyindən onların oyun yeri də yaşıl meydan olub.  Eden hələ 4 yaşı olarkən yerli "Royyal Stad Braunia"da top qovmağa başlayıb. Klubun məşqçisi  balaca Azara xüsusi bacarıqlarına görə "anadan futbolçu kimi doğulub" deyibmiş. Burada səkkiz il oynayan Eden "Tyubiz"ə keçir. 14 yaşı olarkən Eden Fransanın "Lill" klubunun diqqətinə düşür. Valideynləri çox düşünmədən "Lill"dən gələn təklifi qəbul edirlər və qonşu Fransaya köçürlər.

Eden Azar iki il "Lill"in akademiyasında oynayıb və 2007-ci ildə-16 yaşında ilk dəfə əsas heyətdə meydana çıxıb. Komandada oynadığı ilk sezonda Azar mövsümün ən yaxşı gənc futbolçusu seçilib. Bu, Fransa çempionatında ilk dəfə idi ki, ən yaxşı oyunçu mükafatını fransız olmayan biri alırdı. 2009-2010-cu il mövsümündə də Azar iki il dalbadal yenə ən yaxşı oyunçu adına layiq görülür.  2011-ci ildə isə İtaliyanın nüfuzlu "Guerin Sportivo" jurnalının keçirdiyi rəy sorğusunda Eden "Avropanın ən yaxşı gənc futbolçusu" seçilir. 

"Avropanın Messisi"

2012-ci ilin iyununda "Lill" də 8 illik karyerasını başa vuran Azar İngiltərənin "Çelsi" klubuna transfer olunub. 21 yaşlı Eden "Çelsi" ilə 30 milyon funt-sterlinq (bəzi mənbələrdə bu rəqəm 40 göstərilir) dəyərində transfer müqaviləsi imzalayır. Belçikalı ulduz Londona gələr-gəlməz İngiltərə Primyer-liqasının Leonel Messisi olmağa hazır olduğunu deyir.

12 avqustda "Çelsi"nin heyətində İngiltərə superkuboku matçında Azar meydana çıxır. Amma onun debütü komanda üçün düşərli olmur, "Çelsi" "Mançestr Siti"yə uduzur. İkinci oyunda "Uiqan Atletik"lə qarşılaşmada  belçikalı məhsuldar ötürmə edir və penalti qazanır. Artıq növbəti turda Azar qol hesabını da  açır. "Çelsi"də keçirdiyi məhsuldar oyunlardan sonra "Daily Mail" qəzeti onu İngiltərə çempionatının məşhur legionerləri-Erik Kontana, Terri Anri və Denis Berkampla müqayisə edir.

Yarımmüdafiəçi 2013-cü ilin 23 yanvarında İngiltərə kubokunun yarımfinal oyununda  etdiyi  hərəkətlə ciddi qınağa tuş gəlir. Belə ki, "Çelsi" ilə "Suonsi Siti"nin  oyununun sonuna 10 dəqiqə qalmış Azar topu gecikdirib verməyən balaca uşağı vurur. Bu hərəkətinə görə  qırmızı kart alır və meydandan qovulur. Azarın hərəkəti ölkədə geniş rezonans doğurur və ona ciddi etirazlar səslənir.  Amma bəziləri həmin uşağın doğrudan da oyunu qəsdən gecikdirdiyini iddia edərək Azara dəstək verirlər.  2014-cü ilin 8 fevralında "Nyukasl-Yunayted"in qapısına 3 qol vuraraq "het-trik" edən Edenin hərəkəti unudulur.

15 yaşında Belçika millisinə gedən yol

O, Belçika milli komandasını 15 yaşından təmsil edir. 2007-ci ildə 17 yaşlılar arasında Avropa çempionatında Belçikanın heyətində oynayıb. Azar 17 yaşında mili komandanın əsas heyətinə dəvət alıb. 2008-ci ilin 19 noyabrında milli komandada Lüksenburqa qarşı yoldaşlıq görüşündə debüt edir. Amma milli komandanın heyətində ilk qolunu düz üç il sonra-Qazaxıstana qarşı oyunda vurur.

Nataşanın əri

Azarın şəxsi həyatı  barədə məlumat çox azdır. Çünki o, bəzi ulduz futbolçulardan fərqli olaraq manekenlərlə əyləncəli həyat yaşamır, şəxsi həyatı haqda da danışmağı sevmir. Onun hay-küylü gecə həyatları barədə də eşidən olmayıb. Edenin xanımının adı Nataşadır, amma ruslarla heç bir əlaqəsi yox. Onun ailəsinin Skandinaviya ölkələrinin birindən Belçikaya köçdüyü söylənilir.  Nataşanın onun həyatında ilk və hələ ki yeganə qadın olduğu deyilir. Onlar uşaqlıq illərindən tanışdılar və 14 yaşından görüşdükləri söylənilir.  Nataşa Eden Fransaya köçdükdən sonra bir müddət Brüsseldə qalıb. Məktəbi bitirdikdən sonra o da Fransaya köçüb və cütlük ailə qurub. 

Hazırda belçikalı forvardın iki uşağı var. Böyük oğlu Yannis 2010-cu ildə Azar hələ "Lill"də oynayanda anadan olub. Leo Azar 2015-ci ilin  yanvarında anadan olub. Onun ikinci oğlunun doğumu meydanda uşaq vurması ilə bir ərəfəyə təsadüf edib. Bu qalmaqal fonunda onun ikinci oğlunun anadan olması hər şeydən xəbər tutan ingilis mətbuatının gözündən yayınıb. Azarın oğluna Leo adı verməsi ilə də bağlı müəyyən iddialar var. Məsələn, bu adın Leonal Messiylə bağlayanlar  var.  Leo Azarın artıq ikili vətəndaşlığı var. Həm Belçika, həm də Britaniya...

Eden Azar haqda ən çox  dartışılan mövzu isə  milliyyəti ilə bağlıdır. Onun müsəlman olduğunu deyənlər bir faktdan daha möhkəm yapışırlar. Belə ki, Azar 2013-cü 17 yaşlılar arasında Avropa çempionatının Fələstin probleminə görə İsraildə keçirilməsinin əleyhinə olub.

"Associated Press"in xəbərində deyilirdi ki, UEFA-ya bununla bağlı müraciəti imzalayan 62 futbolçu sırasında Eden Azarın adı olub. Eden həmin xəbərlərdə türk kimi göstərilirdi. Qeyd olunurdu ki, nə Fransa, nə Belçika çempionatın final mərhələsinə vəsiqə qazanmadıqları halda belə bir müraciəti imzalamaları onların müsəlman kökənləri ilə bağlıdır.

27 yaşlı Eden Azar ötən mövsüm zədə səbəbindən Primyer Liqada yaxşı oyun göstərə bilmədi. Onu bu mundialda Belçika yığmasında dünya çempionluğu gözləyirmi?  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31