Hacı Əliyev: "Finalda udduğum rusiyalı güləşçiyə sistem qoşmuşdular"
7 May 2018 17:59 İdman"Bu, bizim üçün ən önəmli yarışlardan idi. 18 medal qazandıq. Bunlardan 4-ü qızıl oldu. Güləşçilərimizin çıxışından razıyıq".
Bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Rusiyanın Kaypiysk şəhərindəki Avropa çempionatı barədə danışarkən deyib. Onun fikrincə, qızıl medalların sayı daha çox ola bilərdi. Məşqçilər heyətinə təşəkkürünü bildirən 27 yaşlı pəhləvan qızıl medal qazandığı 65 kq çəki dərəcəsində mükafatlandırma mərasiminə finaldakı rusiyalı rəqibi İlyas Bekbulatovun qatılmama səbəbini də açıqlayıb: "İkinci hissədə çox hücum etdim, rəqib təzyiqə davam edə bilmədi. Görüşdən sonra ona sistem qoşmuşdular. Səhhətində problem yaranmışdı. Bu səbəbdən, mükafatlandırma mərasimində onu başqası əvəzlədi".
Qeyd edək ki, Hacı Əliyev karyerasında ikinci dəfə Avropa çempionluğu qazanıb. O, 3 dəfə dünya çempionu da olub.
Report.az