Serbiyanın Belqrad şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək

9-12 may 2018-ci il tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 47-ci Baş Assambleyası işinə başlayacaq. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimovtəmsil edirlər.

10 may tarixində Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edəcəkdir.

11-12 may tarixlərində isə Avropa Olimpiya Komitəsinin Baş Assableyasının iclası və AOK-un 39-cu seminarı keçiriləcək. Tədbirdə AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəkdir. Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaqdır.

Həmçinin, 2018-ci il Pyonçanq və 2020-ci il Tokio Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2019-cu il Minsk Avropa Oyunlarının məruzələri də dinləniləcəkdir. AOK-un Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə "VII Pyotr Nurovski - Avropanın Ən yaxşı gənc idmançı" mükafatı təqdim olunacaqdır.

Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təqdimatı olacaqdır. Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31