Rusiyalı gimnast: "Avropa çempionatnda mühit çox gözəldir"
15 Aprel 2018 17:00 İdmanMilli Gimnastika Arenası çox xoşuma gəldi, yarışları çox gözəl və rəngli keçir. Bunu Bakıda keçirilən Avropa çempionatında ikili mini-batut yarışlarında qızıl medal qazanmış rusiyalı gimnast Dana Sadkova deyib. O bildirib ki, yarışdan əvvəl çox iş görülüb:
"Bizdə hər şey alındı. Yarışda mühit də çox gözəldir. Bakıya birinci dəfə gəlmişəm, deyə bilərəm ki, möhtəşəm şəhərdir."
Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.
Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.
Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər. Trend.az