Dmitri Nazarov: “Bunun meyvələrini toplamağa başlamışıq”
Ardıcıl heç-heçə etdiyimiz oyunlarda qələbəyə yaxın olurduq. Hətta çıxışımızla buna layiq olmadığımızı deyən insanlara baxmayaraq, özümüzə daim güvənmişik. Bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
6 Aprel 2018 18:48 İdmanArdıcıl heç-heçə etdiyimiz oyunlarda qələbəyə yaxın olurduq. Hətta çıxışımızla buna layiq olmadığımızı deyən insanlara baxmayaraq, özümüzə daim güvənmişik. Bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib. 28 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi "Aue" axır vaxtlar II Bundesliqada uğurlu nəticələrlə diqqət çəkir. Son 7 görüşün 4-də heç-heçə edən komanda 3 dəfə də qələbə qazanıb. Ertsqebirqe klubunun çıxışını dəyərləndirən Nazarov nəticədən məmnunluq bildirib: "Bərabərliklər komandada özünəinamı daha da artırdı. Öz üzərimizdə çalışmağın meyvələrini toplamağa başlamışıq. Xüsusən də, "Qreyter Fürt"lə (2:1) oyunu yüksək səviyyədə keçirdik. Liqada rəqiblər bizə artıq hörmət edirlər".
"Aue" sabah XXIX tur çərçivəsində "Sankt-Pauli"ni qəbul edəcək. Yığmamızın üzvü bu görüşə də qələbə əzmi ilə çıxacaqlarını vurğulayıb: "Biz hələ heç nəyə nail olmamışıq. Oyunlar çox gərgin keçir. Beş komandanın 36, dörd klubun isə 37 xalı var. Mövsümün bundan sonrakı hissəsinə oyun-oyun baxmalıyıq. Tempi bu cür davam etdirmək, hətta bir qədər də sürətlənmək lazımdı. "Sankt-Pauli" ilə görüşdə də qələbəni hədəfləyirik. Biz rəqibin kimliyindən asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. Ancaq bu dəfə yeni stadiona ayaq basacağıq. 10 mindən çox azarkeş gözləyirik. Stadionda atmosfer yüksək olacaq".
Qeyd edək ki, "Aue" hazırda 36 xalla 15-ci pillədə qərarlaşıb. Apasport.az