7 yaşlı Mina Abbasova 3 gümüş medal qazandı
Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə VI Beynəlxalq “Bahar kuboku - 2018” turniri keçirilib.
2 Aprel 2018 13:53 İdmanMacarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə VI Beynəlxalq "Bahar kuboku - 2018" turniri keçirilib.
Olaylar.az bildirir ki, turnirdə ev sahibi Macarıstanla yanaşı, İtalya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Qırğızıstan, Ukrayna, İsrail, Estoniya, Bosniya və Herseqovina, Polşa, Luksenburq, Moldova, Bolqarıstan və başqa dövlətlər olmaqla, ümumilikdə 17 ölkənin 43 idman klubu iştirak edib.
380 gimnastın mübarizə apardığı bu yarışmada həmyerlimiz 7 yaşlı Mina Abbasova Ukraynalı rəqibindən bir pillə geridə qalaraq çoxnövçülük üzrə 2-ci yeri tutub. O, həmçinin alətsiz və halqa ilə hərəkətlərdə də 2-ci yerə layiq görülərək, turnirdə 3 gümüş medal qazanmağa müvəffəq olub.
Yarışın sonunda qaliblər RİO -2016, Avropa oyunları 2015-Bakı, 7 qat dünya çempionu, 4 qat Avropa çempionu Marqarita Mamun və 3 qat Asiya çempionu Elizaveta Nazarenkonun ustad dərslərinə vəsiqə qazanıblar.
Xatırladaq ki, beş yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova artıq iki ildən artıqdır ki, Budapeştdə fəaliyyət göstərən "Rus RG Sport" klubunda gimnastika ilə məşğul olur. Macarıstandan başqa, Almaniya, Serbiya, Xorvatiya, İtaliya və Sloveniyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxaraq qızıl və gümüş medallara sahib olub. Həmin yarışlarda Mina ailəsinin hazırda müvəqqəti olaraq yaşadığı ölkəni - Macarıstanı təmsil etsə də, ən böyük arzusu iştirak etdiyi bütün gimnastika turnirlərində Azərbaycan bayrağını dalğalandırmaqdır.