“Soyuq başla, isti ürəklə oynamalıyıq”

Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab matçları start götürəcək. İlk oyun günündə diqqətlər daha çox Parisə yönələcək.

Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab matçları start götürəcək. İlk oyun günündə diqqətlər daha çox Parisə yönələcək.

İspaniyadakı görüşdə "Real"a 1:3 hesabı ilə uduzan PSJ revanş almaq və növbəti mərhələyə adlamaq arzusundadı. Madridlilər isə sərfəli nəticəni qorumağa çalışacaqlar.

Oyundan öncə hər iki komandanın üzvləri matç haqda fikirlərini bildiriblər.

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "Özüm marselli olsam da, Fransanın istənilən şəhərinə səfər etmək məni həmişə sevindirib. Bizi maraqlı futbol gecəsinin gözlədiyinə əminəm. Gözlənilməz hər şeyə hazır olmalıyıq. 90 dəqiqə yetməyə, oyun uzana da bilər. Rəqibin heyətində Neymarın yoxluğu bizə təsir etmir. Onun yerində özünü göstərmək istəyən futbolçu oynayacaq. Artıq iki ildi ki, "Real"ı çalışdırıram. Bu cür kollektivə rəhbərlik etmək həmişə çətin olub. Hər futbolçu oynamaq istəyir. Amma heyəti müəyyənləşdirmək mənim işimdi. PSJ ilə görüşün necə nəticələnməyindən asılı olmayaraq, gözəl futbol görmək istəyirəm. İşimizin çətin olacağını bilirik. Ancaq bütün çətinliklərin öhdəsindən gəlməliyik. Nə vaxtsa Fransa klubunun da Çempionlar Liqasının qalibi olacağına inanıram".

Serxio Ramos ("Real"ın kapitanı): "Həmişə gördüyümüz işi yerinə yetirəcəyik. Maksimum dərəcədə sayıq oynamalıyıq. Öz meydanımızdakı kimi, qələbə qazanmağa çalışacağıq. PSJ-yə böyük hörmətimiz var. Amma öz gücümüzə də şübhə etmirik. Marselonun sıraya dönməsi məni sevindirir. O, bizə müdafiədə çox kömək edir, üstəlik, hücumda da faydalıdı.

Neymar xüsusi futbolçulardandı. Təbii ki, onun yoxluğu istənilən komanda üçün itki sayılar. Amma buna çox fikir verməməli, oyuna əvvəlki qaydada köklənməliyik. Matçı yaxşı nəticə ilə tamamlamalıyıq. Ulduz futbolçulara bu cür oyunlar daha xoş gəlir. Yenə öz gücümüzü göstərmək üçün yaxşı şans qazanmışıq. Mən qalib gəlməkdən yorulmuram. Qələbələrdən həzz alıram və bu, məndə əlavə təzyiq yaratmır. Böyük hədəflər motivasiyamı artırır. Bu sözləri komanda yoldaşlarıma da aid etmək olar".

Daniel Karvahal ("Real"ın müdafiəçisi): "İlk oyunda qeydə alınan nəticə şansımızı artırır. Amma cütün taleyi hələ həll olunmayıb. Bizi daha bir vacib görüş gözləyir. PSJ-nin güclü komanda olduğunu hamı bilir. Amma biz də iddiamızı göstəririk. "Real" ardıcıl 3-cü dəfə ÇL-i qazanacaq gücdədi".

Unai Emeri (PSJ-nin baş məşqçisi): "Real"ın güclü heyətinə qarşı oynamaq istəyirəm. Təkcə PSJ azarkeşləri yox, ümumilikdə Fransa üçün həlledici məqamdı. Mövsüm ərzində ən vacib oyunlarımızdan birinə çıxacağıq. Neymar bizə kömək edə bilməyəcək. Amma onun yerində Di Mariya kimi futbolçu oynayacaq. Anxel Çempionlar Liqasının nə olduğunu yaxşı bilir və meydana çıxmağa hazırdı. Lassana Diarra və Tiaqo Motta da sıraya dönüb. Onların təcrübəsi komandaya çox kömək edəcək. Soyuq başla, isti ürəklə oynamalıyıq".

Daniel Alveş (PSJ-nin müdafiəçisi): "Neymar kimi futbolçunun yoxluğunu hiss etməmək mümkün deyil. Amma ağlamaq mənasızdı, bununla barışmalıyıq. Demək olar ki, hər gün Neymarla danışıram. O dedi ki, turnirin növbəti mərhələsində bizə qoşulacaq, yəni PSJ-dən qələbə gözləyir. Bilirik ki, adi oyun olmayacaq. Axı "Real" ustalıq səviyyəsi çox yüksək olan komandadı. Ciddi sınaqdı. Bu sınaqdan üzüağ çıxsaq, mübarizəni davam etdirmək şansı qazanacağıq. PSJ Fransada bütün titulları əldə edib. Artıq bunu Avropada da təkrarlamağın vaxtıdı". Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31