Bu gün Anatoli Banişevskinin doğum günüdür
23 Fevral 2018 14:25 İdmanBu gün Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçi Anatoli Banişevskinin doğum günüdür. Futbolçu və məşqçi UEFA-nın hesablamasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. Uşaqlığında futbola böyük marağı olan Banişevski ilk olaraq "Lokomotiv" klubunda fəaliyyətə başlayıb. Bakıxanov qəsəbəsində yerləşən "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu zamanı "Neftçi" nin baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Anatoli Banişevski də seçilən futbolçular sırasında idi. Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. 1965-ci ildə Moskvada keçirilən SSRİ - Braziliya oyununda oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu Banişevski əvəz elədi. Bu onun ilk debütü oldu. Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atır. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edir. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılaraq, son yarışda gümüş mükafata layiq görülür. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. Oyunçu kimi karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlir və 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışır. Məşhur futbolçu 1979-cu ildən başlayaraq şəkərli diabetdən əziyyət çəkirdi. Hətta 1988-ci ildə xəstəlik artıq kəskinləşərək komaya düşdüyü vaxtlar olmuşdu. Anatoli Banişevski iynədən dəhşətli dərəcədə qorxurdu. Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin, futbolçu evdən kənarda bunlara nəzarət eləmirdi. Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. Qeyd edək ki, məşhur futbolçu 1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurmuş və 1996-cı ildə ayrılmışdı. Cütlüyün Milena və Marina adlı qızları var.