Rəhim Əliyev: “Formula 1 mövsümünün ilk yarısı kifayət qədər maraqlı keçdi”
“Formula1 üzrə 2017-ci il mövsümünün ilk yarısına yekun vurulub. Pilotlar 4 həftəlik yay tətilinə yollanıblar. Mövsümün ilk 11 yarışı kifayət qədər maraqlı və həyəcanlı keçdi”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
8 Avqust 2017 12:17 İdman"Formula1 üzrə 2017-ci il mövsümünün ilk yarısına yekun vurulub. Pilotlar 4 həftəlik yay tətilinə yollanıblar. Mövsümün ilk 11 yarışı kifayət qədər maraqlı və həyəcanlı keçdi". Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
O, 2017-ci il mövsümünün ilk yarısında baş verən maraqlı məqamlardan danışıb: "Cari mövsümün ilk yarısında "Red Bull" komandası 100-cü podiumuna çıxdı. Bu komanda ilk podiumunu 2006-cı ilin Monako yarışında Devid Kulthardla qazanmışdı. Ondan sonra "qırmızı öküzlər" həm Sürücülər, həm də Mühəndislər Kubokunda 4 dəfə Dünya Çempionu olaraq tarix yazıblar. Lakin növbəti tarixi 2017-ci ilin Çin yarışında Maks Ferstappen yazdı. Hollandiyalı sürücü yarışa 19-cu yerdən başlasa da, əfsanəvi performans göstərərək, bir ara yarışda ikinci pilləyə qədər yüksəldi. Amma təkərlərin yeyilməsinə görə 2-ciliyi qorumaq mümkün olmadı və Formula1 tarixinin ən gənc qələbə qazanmış sürücüsü 3-cülüklə barışaraq, komandasına Formula1 tarixindəki 100-cü podiumu qazandırdı".
R.Əliyev mövsümün ilk yarısında bəzi ilklərin yaşandığını qeyd edib: "Bunlardan biri də Valtteri Bottasın Bəhreyn Qran Prisində qazandığı ilk poul idi. Finlandiyalı sürücü karyerasının 80-ci Qran Prisində ilk poulunu alaraq, Formula1 tarixində bu uğura imza atan 5-ci finlandiyalı sürücü oldu. Amma heyif ki, 28 yaşlı sürücü bu uğurunu yarışda davam etdirə bilməyərək, 3-cü yerlə razılaşdı.
"Ferrari" komandası isə 166 Qran Prilik həsrətə son qoydu. Komanda sıralanma turunda ilk cərgəni sonuncu dəfə 2008-ci ildə Fransa Qran Prisində zəbt etmişdi. Amma italyanlar bu uğura yenidən imza atmaq üçün 166 yarış, yəni, 9 mövsüm gözləməli oldular. Növbəti bu cür uğur isə cari mövsümün Rusiya Qran Prisində gəldi.
Bu mövsümün ilk yarısında həmçinin Valtteri Bottas ilk qələbəsini qazandı. O, Bəhreyndə ilk poulunu qazansa da, yuxarıda qeyd etdiyimiz kimi yarışı 3-cü yerdə bitirdi. Lakin finlandiyalı sürücü 3-cü yerdən başladığı Rusiya yarışının startından etibarən liderliyi ələ alaraq, karyerasının ilk qələbəsini qazandı. Beləliklə, 28 yaşlı sürücü Formula1 tarixində yarış qazanmış 107-ci sürücü oldu.
Kimi Rəykkönen isə Monako Qran Prisinin sıralanma turunda 128 yarışdan sonra poul qazanaraq, özünün 17-ci, finlandiyalı sürücülərin isə 50-ci poulunu əldə etdi. 2007-ci ilin dünya çempionu sonuncu poulunu 2008-ci ilin Fransa Qran Prisində əldə etmişdi".
Mütəxəssis Lyuis Həmiltonun əfsanəvi Ayrton Sennaya çatması haqqında da fikirlərini bildirib: "Lyuis Həmilton Kanada Qran Prisində 65-ci poulunu əldə edərək, bu statistikada Ayrton Sennaya çatdı. Lakin Lyuis Həmilton bu uğura 195, Ayrton Senna isə 161 Qran Pridə yiyələnmişdi.
Britaniyalı sürücü Kanada yarışından iki həftə sonra keçirilən Azərbaycan Qran Prisinin sıralanma turunda mükəmməl dövrə vuraraq, 66-cı poulunu qazandı və həyatdakı ən böyük idealı olan Ayrton Sennanı qabaqladı. Karyerasındakı 196-cı Qran Prisində 66-cı poulunu qazanan üçqat dünya çempionu bu statistikada təkcə 68 poul qazanmış Şumaxerdən geridə qalmış oldu".
O, Azərbaycan Qran Prisində mövsümün rekordunun qeydə alındığını vurğulayıb: "Ölkəmizdəki yarış bir çox hadisələrlə yadda qaldı - Rikkardonun 18-ci yerə gerilədikdən sonra qələbəsi, Bottasın sonuncu yerə və xüsusilə də, bir dövrə geriyə düşdükdən sonra qazandığı ikincilik, Strollun 3-cü yeri tutaraq, debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü olması, Fettellə Həmiltonun insidenti və s. Azərbaycanda bütün bu hadisələrdən başqa 137 ötmə qeydə alındı ki, bu da cari mövsüm üçün rekord sayılır.
Kanadalı sürücü Ləns Stroll mövsümün ilk 3 yarışında finiş görə bilməsə də, öz ölkəsində karyerasının ilk xallarını qazanaraq, Formula1 tarixinin xal qazanan ən gənc ikinci sürücüsü (18 yaş 225 gün) oldu. Stroll növbəti Azərbaycan yarışında isə podiuma yüksələrək, debüt mövsümündə fəxri kürsüyə qalxan ən gənc sürücü statusunu əldə etdi. Qeyd edək ki, Stroll bu uğura imza atarkən 18 yaş 239 günlüyündə idi".
R.Əliyev Daniel Rikkardonun öz karyerası üçün rekord qırdığını deyib: "Rikkardo Avstriyada da podiuma yüksələrək, karyerasında 5 dəfə ardıcıl bu uğura imza atmış oldu. Avstraliyalı sürücü daha əvvəl Barselona, Monako, Kanada və Azərbaycan yarışlarında podiuma yüksəlmişdi. Lakin Rikkardo növbəti Britaniya yarışında 5-ci olaraq, bu uğurlu seriyaya son vermiş oldu. "Güləyən sürücü"nün bundan əvvəlki ən böyük uğuru isə 2016-cı ildə əldə etdiyi ardıcıl 3 podium (Macarıstan, Almaniya və Belçika) idi.
Mütəxəssis "Ferrari" komandası haqqında da danışıb: "Ferrari" düz 9 il idi ki, mövsümdə 3 poul qazana bilmirdi. "Qırmızılar" sonuncu dəfə 2008-ci ildə yarışa 8 dəfə birinci yerdən başlamışdılar. Bundan sonra isə italyanlar 2009-2016-cı illərdə cəmi 5 poul (2010-cu və 2012-ci illərdə 2 dəfə, 2015-ci ildə 1 dəfə) qazana bilmişdilər. Amma Formula1-in ən titullu komandası tətildən əvvəlki son Qran Pri olan Macarıstanda da poul alaraq, son 9 ilin ən yaxşı sırlanma turu performansını göstərdilər".
O, Sebastyan Fettelin bu mövsümün ilk yarışından etibarən liderliyi ələ alaraq, yay tətilinə qədər qoruyub saxlaya bildiyini, mövsümün ikinci yarısının daha maraqlı keçəcəyini bildirib.