Raqif Abbasov: “Azərbaycanın “Bakı-2017”dəki uğurları növbəti qələbələrə zəmin yaradır”
“Bakı şəhəri İslam dünyasını əhatə edən böyük idman bayramına ev sahibliyi etdi. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları böyük və yaddaqalan tarixi hadisə oldu”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
24 May 2017 11:14 İdman"Bakı şəhəri İslam dünyasını əhatə edən böyük idman bayramına ev sahibliyi etdi. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları böyük və yaddaqalan tarixi hadisə oldu". Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, idmançılarımızın "Bakı-2017"də qazandıqları uğurlar, millimizin qızıl medalların sayına görə birinci olması idman tariximizə qızıl hərflərlə yazıldı. Baş İdarə rəisi vurğulayıb ki, əldə olunan yüksək nailiyyətlər dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu idman siyasətinin nəticəsidir.
R.Abbasov bildirib ki, Prezident İlham Əliyevin idmançılar və idman ictimaiyyəti ilə görüşləri, idman tədbirlərinin çoxunda iştirakı bir daha idmanın inkişafının dövlət siyasətimizin prioritet sahələrindən olduğunu göstərir: "IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə cənab Prezident millimizin "Bakı-2017"dəki çıxışına yüksək qiymət verdi. Dövlət başçımız Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etdi və Azərbaycanın Birinci vitse-prezidenti, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox böyük işlər görüldüyünü qeyd etdi. Cənab Prezident Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirdi. Dövlət başçımız İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizə olan böyük hörmətin və inamın təzahürü olduğunu vurğuladı. Ölkə rəhbərinin idmançılarla səmimi görüşü onları növbəti qələbələrə ruhlandırır və cənab Prezidentin idmana, gənclərə, sağlam genefondumuza verdiyi böyük önəmi göstərir".
O, Azərbaycanın "Bakı-2017"dəki uğurlarının növbəti qələbələrə daha böyük zəmin yaratdığını deyib. Sia.az