“Bakı-2017”ni yekun mətbuat konfransı keçirilib
Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair mətbuat konfransı keçirilib. İslamiadanın əsas media mərkəzində təşkil olunmuş konfransda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq və “Bakı-2017”nin Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak edib.
23 May 2017 18:18 İdmanBu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair mətbuat konfransı keçirilib. İslamiadanın əsas media mərkəzində təşkil olunmuş konfransda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq və "Bakı-2017"nin Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak edib.
Nazir Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və yığma komandamızın Oyunlarda uğurla çıxış etdiyini vurğulayıb: "Bakı-2017"Azərbaycan millisi üçün uğurlu alındı. Bu gün qələbəni qeyd edirik. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu gün idmançıları qəbul edərkən vurğuladı ki, Rio-2016-da qazandığımız yüksək nəticə bu dəfə IV İslam Həmrəyliyi Oyunlarında da öz əksini tapdı. Millimiz 162 medal - 75 qızıl, 50 gümüş və 37 bürünc mükafat qazanaraq birinci oldu. Azərbaycan millisi çox yaxşı nailiyyət göstərib. Bakıya gələn 54 ölkənin 70 faizi fəxri kürsüyə yüksəlib. İki il ərzində planlaşdırılan işlərimiz bütün sahələrdə uğurla həyata keçirilib. Təhlükəsizlik, Nəqliyyat və digər sahələrdə işlər peşəkarlıqla aparıldı. 16 idman obyektində və yayımda hansısa çətinlik yaşanmadı. Qürurla deyirik ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Rioda keçirilən Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə təşkil olunub. Biz istənilən böyük yarışı uğurla keçirmək gücünə malikik. Bütün komandamız işləri yüksək səviyyədə bacardı. Bizlə birlikdə könüllülər və 1500-dək işçi çalışdı. Onlarla vidalaşmağa çətinlik çəkirik".
Nazir bildirib ki, "Bakı-2017"də iştirak edən bəzi yığmalar mayın 25-dək Atletlər kəndində qalacaq.
O, bilet satışı ilə bağlı da məlumat verib: "Satışa çıxarılan 500 min biletdən 360 mini satılıb. Bilet satışından təxminən 2,5-3 milyon gəlir əldə olunub. Ümumilikdə Azərbaycana 59 ölkədən tamaşaçı gəlib".
A.Rəhimov "Bakı-2017"nin qalibləri ilə "Bakı-2015" birinci Avropa Oyunlarının qaliblərinə verilən mükafatların eyni olduğunu qeyd edib: "Amma o vaxtı ilə indiki 150 min manat eyni deyil. Açılış və bağlanış mərasimlərinə gəlincə, bu tədbirlərə büdcədə 20 milyon dollar nəzərdə tutulmuşdu. Hələ xərclər tam hesablanmayıb. Bu haqda sonrakı mətbuat konfranslarında məlumat veriləcək".
Nazir yığmamızdakı legionerlə bağlı da fikirlərini bildirib: "İdmançılarımızın millətinə baxmayaraq azarkeşlərimiz onların hər birini alqışlayırlar. Bizim üçün onlar legioner adını daşımırlar. Onların hər biri komandamızın üzvüdür. Ölkəmizdə idmançılara ayrı-seçkilik edilmir. Yığma komandalarımızda sınaq döyüş və ya oyunlardan sonra ən güclülər əsas heyətdə yer alırlar".
İHİF-in Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq İslamiadanın uğurla başa çatdığını deyib: "Bakı-2017"nin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Azərbaycan böyük idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil etməyə qadir ölkədir. Burada Beynəlxalq Olimpiya Komitəsinin üzvləri də vardı. Deyərdim ki, təşkilatçılıq Riodan çox yaxşı oldu".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Bakı-2017"yə böyük heyətlə qatılan yığmamızın uğurlarından söz açıb: "Azərbaycan millisi "Bakı-2015" birinci Avropa Oyunlarında olduğu kimi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atdı. İslamiadada 162 medal qazanmışıq. Amma mükafatlarımızın sayı bəlkə də 250-dən çoxdur. Çünki bizim həndbol, voleybol, basketbol və futbol komandalarımız da medal qazanıblar. Komandamızın 70 faizdən çoxu İslamiadanın mükafatçısıdır. Rioda hər 3 idmançımızdan biri medal qazanmışdısa, burada ondan da yüksək nəticə əldə etdik. Biz fərdi idman növlərində uğurlara öyrəşmişik. Demək olar ki, İslamiadada bütün növlərdə medal qazandıq. Bu, Azərbaycanda idmanın hərtərəfli inkişafının bariz nümunəsidir".
Ç.Hüseynzadə öncə daha təcrübəli idmançılardan qələbə gözlədiyini bildirib: "Rəfael Ağayev, Elxan Məmmədov kimi təcrübəli idmançılarımızla yanaşı, gənclərin qalib gəlməsi də məni çox sevindirdi. Mən Azərbaycan Atletika Federasiyasının prezidenti kimi Nazim Babayevlə Anna Skidanın nəticəsini xüsusi vurğulayardım. Ümid edirəm ki, onlar "Tokio-2020"də medalçılar sırasında olacaqlar. Ruslan Lunyovun nəticəsi də uğurludur. Futbolçularımız, basketbolçularımızın, kişi voleybolçularımızın, həndbolçularımızın və suyatullananlarımızın çıxışları alqışalayiqdir".