BDU IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olan tələbələrini mükafatlandırıb
16 May 2017 16:33 İdmanBakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclasında rektor, akademik Abel Məhərrəmov IV İslam Həmrəyliyi Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal qazanmış universitetin Filologiya, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin yetirmələri - Fəridə Abiyeva və Ayxan Mamayevi təbrik edib. Universitetdən "Olaylar" - a bildirlib ki, ölkəmizdə ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, "Formula 1" kimi beynəlxalq yarışların, o cümlədən, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini böyük tarixi hadisə hesab edən rektor prezident İlham Əliyevin bu istiqamətdəki uğurlu siyasətindəən bəhs edib. Bu möhtəşəm tədbirdə BDU tələbələrinin istər idmançı, istərsə də könüllü kimi fəaliyyətlərindən bəhs edən akademik Abel Məhərrəmov azərbaycanlı idmançıların yüksək nəticələr göstərdiyini qeyd edib, qızıl medalçılar - Ayxan Mamayev və Fəridə Abiyevanın uğurları ilə BDU kollektivinin də fəxr etdiyini bildirib, ölkəmizin adını daim zirvələrə ucaltmalarını arzulayıb.
Qaliblərin IV İslam Həmrəyliyi Oyunlarındakı final görüşlərindən ibarət foto və video-çarx izlənildikdən sonra rektor çempionlara universitetin xatirə hədiyyələrini təqdim edib.