Voleybolçularımız Türkiyəni məğlub etdi
14 May 2017 11:03 İdmanMayın 13-də "Baku Crystal Hall"da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışında üçüncü günün sonuncu oyununda Azərbaycanın və Türkiyənin kişi atletləri qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda komandalar qələbə qazanmaq üçün inadlı müqavimət göstəriblər. Milli komandamız ilk seti 28:26 hesabla qələbə qazansa da, ikinci set türkiyəli voleybolçuların xeyrinə başa çatıb - 25:13. Voleybolçularımız üçüncü setdə sahib olduqları üstünlüyü yekunda qələbə çevirə biliblər - 25:17. Lakin dördüncü seti Türkiyə millisi öz xeyrinə başa vurmağı bacarıb - 19:25. Millimiz gərgin keçən beşinci setdə rəqibin inadlı müqavimətinə baxmayaraq qələbə qazanaraq (18:16) oyunun taleyini həll edib - 3:2.
Mayın 14-də günün birinci görüşü Mərakeş və Əlcəzairin kişi komandaları arasında keçiriləcək. Axşam saat 19.00-da isə Azərbaycanın qadınlardan ibarət komandası Türkiyə voleybolçuları ilə qarşılaşacaq.
Publika.az
Foto: Nurlan Gülməmmədov