Nazirliyin qurumları arasında mini-futbol üzrə çempionatı
24 aprel - 1 may 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilmişdir.
1 May 2017 17:50 İdman24 aprel - 1 may 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilmişdir.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında təşkil edilən çempionatda 15 komanda və hər komandada 12 idmançı olmaqla 180 əməkdaş iştirak etmişdir.
Komandalar 4 qrupda mübarizə aparmış, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanmışdır. Yarımfinalda Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə Gəncə Regional Mərkəzinin (GRM) komandaları qarşılaşmışlar. Bu oyunlarda XRXX DYMX-ə 2-1, MTTİ isə GRM-in komandasına 9-2 hesabı ilə qalib gəlmişdir.
3-cü yer uğrundakı görüşdə DYMX GRM-yə 5:2 hesabı ilə qalib gəlmişdir. Final matçında XRXX və MTTİ futbolçuları qarşılaşmışlar. Əsas vaxtda qalib müəyyənləşmədiyindən penalti seriyasında üstün olan XRXX komandası çempion olmuşdur.
Final oyunundan sonra keçirilmiş mərasimdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Şahmar Paşayev, İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, MTTİnin rəisi Amal Teymurov çıxış edərək iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışlar. Həmçinin, natiqlər IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın dünyada idman ölkəsi kim tanındığını vurğulamışlar.
F.Musayev çıxışında bunları qeyd edib:
"Azərbaycanda keçirilən beynəlxalq yarışlara dövlət tərəfindən böyük qayğı var. Biliyimiz kimi, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Deyərdim ki, bu, tək idman tədbiri yox, böyük İslam həmrəylik tədbiri olacaq. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da bu yarışa qatılacaqlar.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilmişdir.
Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elmir Quluzadə, ən məhsuldar hücumçu Şünasib Məmmədov, ən yaxşı qapıçı isə Elvin Zeynalov olmuşdur.