"Qayıq batsaydı, boğulub öləcəkdim"

Mamadu Kulibali 2015-ci ildə Seneqaldan İtaliyaya qədər əziyətli yol gəlib. O, hazırda "Pescara"nın yarımmüdafiəçisidir.

Mamadu Kulibali 2015-ci ildə Seneqaldan İtaliyaya qədər əziyətli yol gəlib. O, hazırda "Pescara"nın yarımmüdafiəçisidir.

18 yaşlı havbek İtaliya mətbuatına maraqlı əhvalatını danışıb. "Evdən bel çantası ilə çıxmışdım. Niyyətimi yalnız dostuma demişdim. Ailəm məktəbdə olduğumu güman edirdi. Telefonumu söndürdüm. Təxminən 3-4 ay evlə əlaqə saxlamadım. Valideynlərim elə bilirdi, ölmüşəm. Məndən başqa ailədə 2 bacım da vardı. Evdə aclıq çəkmirdik. Sadəcə atam futbol oynamağımı istəmirdi. Onun fikrincə, təhsil daha vacib idi. Mən müəllim ailəsində böyümüşəm. Xalalarım professor elmi dərəcəsinə malikdir. Atam məni bəzi Avropa klublarına aparacağını demişdi. Bunları məni sakitləşdirmək üçün edirdi. Futbola görə həyatımı təhlükəyə atdım. Bunu ailəmə görə etdim ki, gələcəkdə onlara xeyrim dəysin. Dakardan Mərakeşə gedən avtobusa bilet aldım. Ən pisi Mərakeşə gedəndən sonra başladı. Orda limanda yatırdım. Qayığa bilet üçün pulum qalmamışdı. Bir kişi məni orda gördü və nə üçün limanda yatıb-durduğumu soruşdu. Ona dedim ki, Avropaya getmək istəyirəm. Bir neçə gündən sonra gəldi və Fransaya gedən qayığa məni götürə biləcəyini dedi. Bu, televizorda gördüyünüz qayıqlardan deyildi. Daha böyük ölçüdə idi və qida daşımaqla məşğul olurdu. Məndən başqa 20 oğlan da qayıqda idi. Onların hansı məqsədlə Avropaya yol aldığını bilmirdim. Bəzən İtaliyada məni təhqir etmək üçün "qayıq adamı" deyirdilər. Bu sözlərə reaksiya vermirdim. İtaliyaya belə əziyyətlə gəlib çata bildim. Təhlükəli idi, mən üzməyi bacarmıram. Qayıq batsaydı, boğulub öləcəkdim.

İtaliyada ən çətin vaxtlarım Livornoda oldu. Bir şəxs bəzi komandalara baxış üçün məni otelə gətirdi. Amma lazımi sənədlərim yox idi. Səhər duranda onu görmədim, çıxıb getmişdi. Üstümdə pul yox idi. İtalyanca danışa bilmirdim. Küçədə yatırdım. Yeməyə sendviç tapmaq mənim üçün xoşbəxtlik idi. Romada mənə dedilər ki, Peskarada çoxlu seneqallı var. Qatarla birtəhər ora getdim. Səhv dayanacaqda düşdüm. Gecə stadionda yatdım. Səhər polis məni tapdı. Sonra "Cesena", "Sassuolo", "Roma" və "Ascoli"də baxışda oldum. Uşaqlıqda futbol oynamışdım. TV-də oyunlara baxıb hərəkətləri mənimsəmişdim. "Milan", Fransa millisi və "Manchester United"ə azarkeşlik edirəm. Atam çox zəhmli adamdır. Ona Avropada olduğumu deyə bilməzdim. Yoxsa, məni geri qaytarardı. İndi hər gün danışırıq. Mənə görə şad olduğunu deyir. Evdən qaçdığıma görə üzr istəmişəm. Artıq 2 ildir onu və anamı görmürəm. Mənim sağ olduğumu düşünmürdülər". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31