"Neftçi" - ardıcıl dördüncü fiasko
"Neftçi" Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünü mükafatsız başa vuracaq. Bakılıların bu uğursuzluğu çempionatın sonuna 4 tur qalmış rəsmiləşib.
3 Aprel 2017 18:40 İdman"Neftçi" Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünü mükafatsız başa vuracaq. Bakılıların bu uğursuzluğu çempionatın sonuna 4 tur qalmış rəsmiləşib.
"Ağ-qaralar" XXIV turda "Sumqayıt"la səfər matçında 0:2 hesabı ilə uduzub. Bununla, xal hesabı 26-da qalan paytaxt klubu üçün "üçlük" əlçatmaz olub.
Çünki 3-cü pillədə qərarlaşan "İnter" "Neftçi"ni artıq 16 xal qabaqlayır. XXIV turadək bu fərq 13 xala bərabər idi ki, 5 turda bunu aradan qaldırmaq nəzəri cəhətdən mümkün idi. Lakin Sumqayıtdakı məğlubiyyət və "İnter"in AZAL üzərində qələbəsi Elxan Abdullayevin yetirmələrinin ümidlərinin üstündən xətt çəkib.
Beləliklə, bürünc şansı ilə rəsmən vidalaşan "Neftçi" ən yaxşı halda 4-cü yerə ümid edir. Bu, ölkənin ən köklü klubunun ilk "üçlük"dən kənardakı ardıcıl 4-cü mövsümüdü. Sonuncu dəfə 2012/13 mövsümündə çempion olan "ağ-qaralar" həmin qızıldan sonra medal üzünə həsrətdi. Apasport.az