İraqlı məşqçi: "Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə çox eşitmişik"

"Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə biz İraqda çox eşitmişdik, ona görə Bakıya gəlməyi qərara aldıq". Bunu İraq milli komandasının baş məşqçisi Mahmud əl-Duleymi deyib.

"Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə biz İraqda çox eşitmişdik, ona görə Bakıya gəlməyi qərara aldıq". Bunu İraq milli komandasının baş məşqçisi Mahmud əl-Duleymi deyib.

Onun sözlərinə görə, İraq idmançıları Azərbaycanda Dünya kubokunda ilk dəfə iştirak edəcəklər. "Burada yaxşı çıxış edəcəyimizə ümid edirik. Biz artıq Gimnastika arenasında məşq edə bilmişik. Alətləri sınaqdan keçirmişik. Biz məmnunuq ki, bu cür alətlərlə işləmək imkanımız var".

O qeyd edib ki, İraq millisinin əsas hədəfi Asiya çempionatına hazırlaşmaqdır: "Biz buraya böyüklərlə yox, həm də yeniyetmələrlə gəlmişik. Bakıda bizim böyük təlim-məşq toplanışımız var. Ona görə Azərbaycanı seçmişik ki, burada gimnastlar üçün yaradılmış şərait haqqında çox eşitmişdik".

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko, Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31