AMADA-nın direktoru: "2017-ci ildə Azərbaycanda 435 dopinq testin keçirilməsi nəzərdə tutulub"
Yeni yaradılmış Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsində keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak edib.
23 Fevral 2017 16:54 İdmanYeni yaradılmış Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsində keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak edib.
S.Məmmədova qurumun yaradılması haqda məlumat verib və agentliyin direktorunu jurnalistlərə təqdim edib.
Ş.Hüseynli bildirib ki, Ümumdünya Antidopinq Agentliyi fevralın 17-də Azərbaycanı antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxardıb. O, iki ay yarım ərzində antidopinq kodeksinin hazırlandığını qeyd edib: "Azərbaycanın antidopinq sarıdan nümunəvi ölkələr siyahısına daxil olması üçün hər cür şərait var. Fəaliyyətimizi idmançıları dopinq testindən keçirmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələrin emalı, beynəlxalq əlaqələrin qurulması kimi istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq-testindən keçirmək deyil, idmanın saflığını, idmançılarımızın hüquqlarını qorumaqdır".
Ş.Hüseynlinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 435 dopinq testin keçirilməsi nəzərdə tutulub. O, IV İslam Həmrəyliyi Oyunlarında 18 nümayəndənin iştirak edəcəyini bildirib.
Direktor bu yaxınlarda İNADA adlı beynəlxalq quruma 64-cü ölkə kimi üzv olduqlarını da vurğulayıb.
Ş.Hüseynli AMADA tərəfindən götürülmüş dopinq-testlərin həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriyaya göndəriləcəyini deyib: "Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testlər Köln şəhərinə göndəriləcək. Bu, müasir laboratoriyadır. Bizə həm logistika, həm də maliyyə baxımından uyğun olanını axtarırıq. Laboratoriyanın dəqiq adını martda müəyyənləşdirəcəyik".
O, dopinq riskli idman növlərinin daha çox diqqət mərkəzində olacağını qeyd edib: "Ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növləri siyahısındadır. Futbolda da dopinq-testlər götürmək niyyətindəyik".
Direktor bildirib ki, AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradılıb. Ş.Hüseynlim qurumun fəaliyyətinə 5 nəfərdən ibarət Müşahidə Şurasının nəzarət edəcəyini vurğulayıb.
O, Ümumdünya Antidopinq Agentliyi ilə çox sıx münasibətdə olduqlarını qeyd edib.
Sonda AMADA-nın direktoru jurnalistlərin suallarını cavablandırıb. Sia.az