"İnqilab Məmmədov adına yaraşan inqilab etdi" - Klub rəsmisi
Hakimlər AZAL komandasına hörmət eləmirlər və bunu da açıq-aşkar göstərirlər. Sanki bizə qarşı hansısa kin güdürlər.
9 Fevral 2017 19:00 İdmanHakimlər AZAL komandasına hörmət eləmirlər və bunu da açıq-aşkar göstərirlər. Sanki bizə qarşı hansısa kin güdürlər. Bu sözləri açıqlamasında AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.
Premyer Liqanın XVI turunda "Qarabağ"la (1:2) keçirilən qarşılaşmada yarımmüdafiəçi Sadio Tounkaraya göstərilən qırmızı vərəqəyə etiraz edən "təyyarəçilər" XVII turda "Qəbələ" ilə (0:2) görüşdəki hakim idarəçiliyindən də narazıdılar. Son görüşün baş hakimi İnqilab Məmmədovun rəqibin qapısına penaltini təyin etməməsi paytaxt təmsilçisini daha da qəzəbləndirib.
Yusifov referini qərəzli mövqe tutmaqda ittiham edib: "Qəbələ" ilə dünənki oyunda baş verənləri hamı gördü. "Qəbələ"nin qələbəsinə kölgə salmaq istəmirik. Rəqib komanda ilə bir problemimiz yoxdu. Sadəcə, hakim səhvi idi ki, bu da düşündürücü məqamdı. Hakimlər obyektiv olsaydılar, səsimizi çıxarmazdıq. Hamı gördü ki, İnqilab Məmmədov dünən hansı hoqqalardan çıxdı. Adına yaraşan şəkildə inqilab etdi. 3-cü dəqiqədən etibarən AZAL-a qarşı hansı mövqedə olduğunu göstərdi. Hücum olmayan yerdə 3-cü dəqiqədə müdafiəçimizə sarı vərəqə göstərdi. Amma bizə qarşı olan bənzər kobudluqlar zamanı heç bir tədbir görmədi. Bir epizodda əks-hücum zamanı Elnur Süleymanov rəqibin müdafiəçisini aldatdı, qapıçı ilə təkbətək çıxmaq şansı var idi. Ona qarşı kobudluğa görə sarı vərəqə verilmədi. Bir neçə dəqiqə sonra Röyal Nəcəfovun formasından dartıb yıxırlar, hakim əlini cibinə aparmır. İnqilab Məmmədov ilk hissədə bu səhvləri qərəzli, bilərəkdən edirdi. Baş məşqçimiz Tərlan Əhmədov fasilədə futbolçulara göstərişlərini vermək əvəzinə AFFA Hakimlər Komitəsinin sədri ilə danışmaqla məşğul idi. Hakim ilk 45 dəqiqədəki idarəçiliyi ilə gənc baş məşqçini məcbur elədi ki, özündən çıxsın, işini-gücünü atıb onun hoqqalarına görə kimləsə əlaqə saxlasın. Belə şəraitdə necə işləmək olar?"
AZAL rəsmisi hakimlərin onlara hörmətlə yanaşmadıqlarını düşünür. O, həm "Qəbələ", həm də "Qarabağ"la qarşılaşmalardakı idarəçiliyi buna misal olaraq göstərib: "Hakimlər oyunlardan əvvəl paltardəyişmə otağına girəndə də öz əsəblərini bizim oyunçulardan çıxırlar. AZAL-a qarşı heç bir qorxu, məsuliyyət hiss etmirlər. Bütün bunları görüb belə qənaətə gəlirik ki, bizim komandanın mövqeyini tapdalamaqdan, futbolçuların çəkdiyi əziyyəti yerə vurmaqdan qorxmurlar. Vallah, köməkçi məşqçimiz Vadar Nuriyev sarı vərəqələri yazmağa çatdırmırdı. Hər xırda foula görə vərəqə göstərərlər? Onların ya görmə qabiliyyəti zəifləyib, ya da qəsdən bunu edirlər. "Qarabağ"la oyundan sonra klub nümayəndələri imkan tapıb açıqlama verə bilmədilər, amma baş hakim Orxan Məmmədov dərhal böyük müsahibə verməkdən çəkinməyib. AZAL-ın bütün futbolçularını, işçilərini ittiham etməklə, səhv qərarlarını ört-basdır etməyə çalışıb".
Paytaxt klubu ən çox 3 hakimin onların matçlarındakı idarəçiliyindən narazıdı. Yusifov konkret olaraq Orxan Məmmədov və İnqilab Məmmədovla yanaşı, Fariz Yusifovdan məmnun qalmadıqlarını söyləyib. O, hakimlərin sosial şəbəkələrdəki fəallığını da xüsusi qabardıb: "Dünən İnqilab, "Qarabağ"la oyunda Orxan, dekabr ayında kubok matçında Fariz Yusifov... Əvvəllər hakimlər mətbuata açıqlama vermirdilər, çünki qadağan olunmuşdu. Bir jurnalistin feysbukda paylaşdığı statusa görə, Orxan Məmmədov zəng vurub əmrlə deyir ki, onu silməlisən. Hakim artıq jurnalistlə kəskin formada danışa bilir. Fariz Yusifov qəzetə böyük müsahibə verir və başdan-ayağa bizim klub rəhbərliyini ittiham edir, alçaldıcı sözlər deyir. Hakimlər bu cəsarəti hardan tapırlar? Bunlar nə yeyir, nə içirlər ki, etika qaydalarından bu cür kənara çıxa bilirlər? Artıq çərçivədən çıxıblar, hakim adına yaraşmayan hərəkətlər edirlər. Biri dollarla şəkil çəkdirib, sosial şəbəkədə paylaşır, digəri başqa anormal addım atır. Bu hərəkətlərin qarşısı niyə alınmır, bilmirik. Hər iclasda klublara tapşırıq verirlər ki, hakimlər barədə heç nə deməyin. Yaxşı, biz demirik, bəs hakimlər niyə danışırlar? Qeyri-obyektiv, qərəzli mövqelərini ört-basdır eləməyə çalışırlar. Onlara bu səlahiyyət niyə verilir? Gedib öz oyunlarını təhlil etmək, qərarlarını müzakirəyə çıxarmaq, oyun qaydalarını öyrənmək əvəzinə işləri-gücləri sosial şəbəkələrdə yazışmaq olur. Bunlar sadəcə, cəzasızlıq mühitinə düşüblər. Yəqin biri düşünür ki, son ilimdi, nə istəsəm edə bilərəm, biri deyir ki, gəncliyimə bağışlayarlar..."
Klub rəsmisi hakim səhvlərinin nəticəsində oyunlar zamanı futbolçuların, məşqçilərin əsəbi olduqlarını deyib: "Onsuz da, bəzi komandalar çətinliklə üzləşiblər. Hakimlər vəziyyətdən çıxmaq üçün kömək etmək əvəzinə daha gərgin, xaos vəziyyəti yaradırlar. Futbolçularımız oyundan sonra baş məşqçiyə deyirlər ki, biz nə etmişik axı, hakimlər belə mövqe tuturlar? Nə cür oynayacaqlarını bilmirlər. Bundan əvvəlki turda "Qəbələ" ilə "Neftçi" arasında keçirilən görüşdə iki komandanın əcnəbi məşqçisi əlbəyaxa olmaq həddinə gəlmişdi. Bunu da hakimlər edirlər. Məhz onların yaratdıqları stress vəziyyətə görə, iki məşqçi texniki zonadan qovuldu. Bu hakimləri başqa bir ölkənin həvəskarlar liqasına aparmaq lazımdı. Bəlkə onda səviyyələrini artırarlar. Çünki ölkə çempionatını idarə etmək iqtidarında deyillər".
Eldəniz Yusifov, həmçinin son vaxtlar AZAL-ın əleyhinə verilən qərarlarla bağlı AFFA-ya növbəti dəfə bəyanat məktubu yazacaqlarını bildirib: "AZAL hər xırda epizoda görə şikayət edən komanda deyil. Biz həmişə çalışırıq ki, hakim səhvini insan amili ilə izah edək. Amma görürük ki, heç də belə deyil. Bir neçə dəfə hakimliklə bağlı sivil qaydada etirazımızı bildirmişik. Amma indiyə qədər heç bir etirazımız təmin olunmayıb. Görəsən, mövsümün sonuna qədər haqlı olaraq yazdığımız narazılıqlardan birinə reaksiya veriləcəkmi? Bu gün də etiraz məktubumuzu yazacağıq. Susmaq fikrimiz yoxdu". Apasport.az