Medal geri qaytarılacaq - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəbə onun dopinq yoxlanışının müsbət nəticə verməsidir. 

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəbə onun dopinq yoxlanışının müsbət nəticə verməsidir. 

Bu Azərbaycan idman tarixində bir ilkdir. İndiyə qədər heç bir idmançımız Olimpiadada medalından məhrum edilməyib.İlk dəfə olaraq Olimpiya mükafatçımız medalını geri qaytarmalı olacaq.

Amma daha iki atletimiz Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinqdən istifadəyə görə cəzalanıb. Onlardan biri ağırlıqqaldıranımız Sərdar Həsənov bir neçə ay əvvəldən məlum idisə, Nizami Paşayevin də dopinq testinin nəticəsi dünən bəlli olub. Həsənov Olimpiya oyunlarında heç bir nəticə göstərə bilməmişdi. Belə ki, o, təkanla ağırlıqaldırmada 0 xal topladığı üçün yer tutmamışdı. Nizami Paşayev isə Çin paytaxtındakı oyunlarda 5-ci yeri tuta bilmişdi. Onun nəticəsi ləğv ediləcək.

Sərdar Həsənov 4 illik idmandan məhrumedilmə cəzasına məhkum olunacaqsa, Nizami Paşayev və Vitali Rəhimov karyerasını bitirdikləri üçün heç bir cəza almayacaqlar.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Əzizə İsmayılova qafqazinfo-ya açıqlamasında Vitali Rəhimovun medalının geri qaytarılacağını bildirib: "Vitali Rəhimovun medalından məhrum edilməsinə aid sənədlər Beynəlxalq Olimpiya Komitəsindən Azərbaycan Milli Olimpiya Komitəsində göndərilib. Artıq bu yöndə işlər gedir və Rəhimovun medalı geri qaytarılacaq. Ona verilən mükafatlar haqqında isə heç bir məlumatımız yoxdur".

Qeyd edək ki, Vitali Rəhimov açıqlamasında medalı geri qaytarmayacağını bildirib.

***

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilməsi ilə bağlı məsələyə Milli Olimpiya Komitəsindən (MOK) münasibət bildirilib.

Olaylar.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasına rəsmi məktubla müraciət edəcəklərini söyləyib: "Federasiya idmançının dopinq-testdən keçə bilməməsinin izahatını verəcək. Bundan sonra biz qərar qəbul edəcəyik. Düzdür, Beynəlxalq Olimpiya Komitəsinin qərarı dərhal qüvvəyə minib. Amma biz federasiyanın da rəyini öyrənməliyik. Eyni zamanda Vitali Rəhimovun özü bu gün MOK-da müvafiq əməkdaşlarımızla görüşərək fikirlərini bildirəcək. Yəni, hazırda proses gedir. Nəticəsi müəyyənləşəndən sonra ictimaiyyətə geniş açıqlama veriləcək".

Qeyd edək ki, Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində çıxış edib. Onun dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb. Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31