Azərbaycan basketbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik
Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində təşkil edilən tədbirdə yığma komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib.
15 Noyabr 2016 12:26 İdmanAzərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində təşkil edilən tədbirdə yığma komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib.
Mütəxəssis milli komandaya baş məşqçi təyin olunmasından 1 il ötdüyünü və bu müddət ərzində bir çox işlər həyata keçirildiyini qeyd edib: "Bu yay Avropa çempionatının C divizionunda mübarizə aparan U-16 millimiz yalnız turnirin finalında uduzaraq, gümüş medallara sahib çıxıb. U-18 komandamız isə Kubokun qalibi olub. Həmin yarışlardan sonra bir neçə gənc basketbolçumuz xarici klunlardan təkliflər alıblar".
S.Nuruzadə bildirib ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi daim yeniyetmə və gənc idmançıların inkişafı üçün səylərini əsirgəmirlər. O vurğulayıb ki, basketbolun bölgələrdə inkişafı üçün zəruri tədbirlər görülür. Mütəxəssis ölkəmizdə basketbolun 3×3 növünün də sürətlə inkişaf etdiyini, Bakı-2015 Avropa Oyunlarının proqramına daxil edilməsinin bu növün kütləviləşməsinə təkan verdiyini bildirib.
Baş məşqçi yığmamızın IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşdığını qeyd edib: "Millimiz IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edib, yüksək nəticələr qazanmağa çalışacaq. Komandamızın hazırlığı davam edir. Yığmamızın xaricidə təlim-məşq toplanışları da nəzərdə tutulub. Azərbaycan basketbolunun inkişafı, basketbolçularımızın ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etmələri üçün əlimizdən gələni edəcəyik".
Sonda mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.