Ayxan Mamayev: "Dünya çempionatında hakim ədalətsizliyi ilə qarşılaşdım”- AÇIQLAMA
“Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında 6 döyüş keçirdim. Onlardan ən çətini Gürcüstan karateçisi ilə döyüşüm oldu. O, son dünya çempionatında – 2014-cü ildə qızıl medal qazanmışdı. Yarımfinalda isə 2012-ci ildə dünya çempionu olmuş fransalı idmançını məğlub etdim”. Bunu SİA-ya açıqlamasında son dünya çempionatında 84 kq çəki dərəcəsində gümüş medal qazanmış karateçimiz Ayxan Mamayev deyib.
4 Noyabr 2016 12:13 İdman"Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında 6 döyüş keçirdim. Onlardan ən çətini Gürcüstan karateçisi ilə döyüşüm oldu. O, son dünya çempionatında - 2014-cü ildə qızıl medal qazanmışdı. Yarımfinalda isə 2012-ci ildə dünya çempionu olmuş fransalı idmançını məğlub etdim". Bunu SİA-ya açıqlamasında son dünya çempionatında 84 kq çəki dərəcəsində gümüş medal qazanmış karateçimiz Ayxan Mamayev deyib.
O, yarışda hakim ədalətsizliyi ilə üzləşdiyini qeyd edib: "Çox istəyirdim ki, çempion olum. Finala çıxdım, ancaq son döyüşdə hakimlər ədalətsizlik etdikləri üçün məğlub oldum. Finala qədər 20 xal qazandım, rəqiblərə isə cəmi 1 xal verdim. Həmin bir xalı yarımfinalda ədalətsizliklə fransasız idmançıya verdilər. Ancaq mən yenə də qələbə qazandım. Ümumiyyətlə hakimlər həmişə Fransa idmançılarına köməklik edirlər. Finalda isə yaponiyalı rəqibimi bəlkə də çox qiymətləndirdim. Qələbə qazanmaq üçün böyük istəyim var idi. Nə isə çatışmadı. O da çox ağıllı və güclü idmançıdır. Həmin karateçi 3 dünya çempionatıdır ki, ardıcıl finalda döyüşürdü. 4:0 hesabı ilə məğlub oldum. Hesab 1:0 olandan sonra ona 3 xalı ədalətsizliklə verdilər. Ancaq yenə düşünürəm ki, ondan bir az üstün olsaydım qalib gələrdim. Çünki rəqib məndən üstün döyüş nümayiş etdirmədi. Mən ona zərbə vuranda yerə yıxıldım. Onun zərbəsi isə mənim çiynimə dəydi. Əslində belə zərbəyə xal düşmür. Etiraz bildirdik, kamerada təkrarına baxdılar. Həmin vaxt yapon idmançının məşqçisi də etiraz bildirdi. Mənim xalımı vermədilər, ancaq onun hesabına 3 xal artırdılar. Halbuki, onlar ədalətsizlik etdilər. Elə güclü idmançı ilə döyüşdə 4 xal geri düşüb yenidən qalib gəlmək çətindir. Deyərdim ki, dünya çempionatında hakim ədalətsizliyi ilə qarşılaşdım".
Xatırladaq ki, idmançılarımız 118 ölkədən 1025 iştirakçının qatıldığı karate üzrə 24-cü dünya çempionatını ümumi hesabda beşinci, Avropa ölkələri arasında isə ikinci yerdə başa vurublar.
Rafael Ağayevin (75 kq) 5 qat dünya çempionluğu, Ayxan Mamayevin (84 kq) gümüş, Firdovsi Fərzəliyevin (60 kq) isə bürünc mükafat qazanması, medala sahib olan 26 ölkə arasında komandamıza yüksək nəticə qazandırıb.
Komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan Azərbaycan millisi təəssüf ki, hakim haqsızlığı səbəbindən 4-cü yerlə kifayətlənib.
Yarışın təntənəli bağlanış mərasimində çıxış edən Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos şəxsən Rafael Ağayevə və dünyanın daha beş ən titullu karateçisinə "Karatenin ən yaxşılar"ı üçün ayrılan hədiyyələri təqdim edib. Olaylar.az