Azərbaycanlı hakimin səbri və monqolların rüsvayçılığı - VİDEO - FOTO

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında son qalmaqal sərbəst güləş yarışında yaşanıb. 65 kq çəki dərəcəsinədək kateqoriyada 3-cü yer uğrunda mübarizə Monqolustan yığmasındakı məşqçilərin rüsvayçı davranışları ilə başa çatıb.

Milli.Az ESPN-ə istinadən bildirir ki, azərbaycanlı hakim Hicran Şərifovun başçılıq etdiyi hakimlər qrupu əvvəl monqol güləşçi Mandahnaran Qanzoriqi qalib elan etsə də, sonra xallar yenidən hesablanıb və qalib özbək İxtiyor Navruzov olub.

Hirslənmiş monqol məşqçilər Byambarençin Bayoraa və Tsenrenbataar Tsotsbayar da etiraz əlaməti olaraq soyunublar. Qanzoriq isə qalibinin əlinin qaldırıldığı mərasimə qatılmayıb.

Qarşılaşmanın başa çatmasına 18 saniyə qalmış monqol güləşçi hesabı bərabərləşdirərək 6:6 etmişdi. Qarşılaşma bitəndən sonra Qanzoriq və məşqçiləri qələbəni bayram etməyə, güləş xalçasını öpməyə başlayıblar. Lakin H.Şərifov başda olmaqla hakimlər qarşılaşmanın son anlarının videoyazısına baxıblar və qələbəni 8:7 hesabla  özbək güləşçi İ.Navruzova veriblər.

Navruzov sevindiyindən ağlamağa və məşqçisinə qarşı güləş fəndləri tətbiq etməyə başlayıb. Monqol güləşçi xalçaya uzanıb, əlləri ilə üzünü qapayaraq ağlayıb. Bu zaman onun məşqçiləri hakimlər qarşısında diz çökərək qərarın dəyişməsini istəyiblər. Rədd cavabı alanda isə Qanzoriqin hər iki məşqçisi soyunmağa, paltarlarını hakimlərə atmağa başlayıblar.

Hicran Şərifov onlara qırmızı vərəqə göstərsə də, məşqçilər dayanmayıblar.

Bayoraa ayaqqabılarını və köynəyini çıxarıbsa, Tsotsbayar tumana qədər soyunub.
"Bu etirazımızdır. 3 milyon monqol bu bürünc medalı gözləyirdi. İndisə komandamızın bir medalı da yoxdur", - Bayoraa deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31