Nataliya Sinişin: "Medal qazanacağımı hiss edirdim"
"Yarışlar məşqlərdən fərqlənir. Həmişə ilk görüşdə qalib gəlməyə, sonradan güclülərlə görüşməyə çalışırsan. Amma elə alındı ki, ilk rəqibim güclü oldu. Yenə də özümü zəif saymıram. Nəticədən razıyam". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarının qadın güləşi yarışlarında 53 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan təmsilçisi Nataliya Sinişin Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.
19 Avqust 2016 14:27 İdman"Yarışlar məşqlərdən fərqlənir. Həmişə ilk görüşdə qalib gəlməyə, sonradan güclülərlə görüşməyə çalışırsan. Amma elə alındı ki, ilk rəqibim güclü oldu. Yenə də özümü zəif saymıram. Nəticədən razıyam". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarının qadın güləşi yarışlarında 53 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan təmsilçisi Nataliya Sinişin Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.
O, medal qazanacağıma inandığını, bunu hiss etdiyini bildirib: "Mübarizə çox yaxşı alındı. İstənilən olimpiya medalı böyük xoşbəxtlik olduğundan çox şadam".
N.Sinişin qazandığı medalı atası və qızına həsr etdiyini qeyd edib: "Atam hər zaman yarışlarda məni müşayiət edərək dəstəkləyərdi. Artıq üç ildir dünyasını dəyişib. Bu medalı ona həsr edirəm. Əgər yaşasaydı, mənimlə fəxr edərdi. Bir də qazandığım medalı qızıma həsr edirəm. Mənə görə həyəcan keçirir. İdi də evdə məni gözləyir. Balaca olsa da, məni dəstəkləyir".
İdmançı qızının bu idman növü ilə məşğul olmasını istəmədiyini vurğulayıb: "Sadəcə, uşağımın ağır idman növü ilə məşğul olmasını istəmirəm. İnkişaf üçün gimnastika, üzgüçülük var. Amma peşəkar səviyyədə olmaz".
O, Azərbaycan Güləş Federasiyasına, məşqçilərə, uzun illər birlikdə çalışdığı şəxsi məşqçisinə - həyat yoldaşına və azərbaycanlı azarkeşlərə minnətdarlıını bildirib. "Sənə azarkeşlik edirlərsə, onları məyus etməməyə çalışırsan. Döşəyə çıxanda qalib gəlməyi düşünürsən".
Güləşçi öncədən qələbəyə kökləndiyini qeyd edib: "Medal qazanacağımı hiss edirdim. Buna heç şübhə də etmirdim. Başqa cür düşünə də bilməzdim. Bürünc medal qazandıqdan sonra döşəkdə Azərbaycan bayrağı ilə dövrə vurmaq istədim. Amma azarkeşlərimiz çox yuxarıda əyləşdiyindən və bizi mükafatlandırma üçün tələsdirdiklərindən bayrağı ala bilmədim. Həqiqətən ölkəyə, məni dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirdim".