Yüzlərlə Rio sakini Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb
4 Avqust 2016 10:02 İdmanOlimpiya Oyunları-2016-ya böyük vəsaitin xərclənməsindən narazı olan yüzlərlə etirazçı Rio-de-Janeyroda Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, Olimpiya məşəlinin rəsmi qarşılanma mərasimində polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Yerli KİV hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, bir qrup nümayişçi məşəlin keçməli olduğu yolu bağlayıb.
Qeyd edək ki, dünən gecə Olimpiya məşəli açılışı avqustun 5-də olacaq Oyunlar ərəfəsində yelkənli gəmidə Rio-de-Janeyroya gətirilib. Məşəli şəhər meri Eduardo Paes qarşılayıb.
Əvvəlcədən Olimpiya məşəlinin bütün şəhər daxilində, o cümlədən, yoxsul rayonlarda nümayiş etdirilərək İsa Məsihin heykəlinin yanına, sonra isə "Marakana" stadionuna aparmaq planlaşdırılırdı. Lakin etiraz aksiyasından sonra marşrut bir qədər dəyişdirilib.