İtaliyalı məşqçi: Azərbaycanın güclü komandası var və inanırıq ki, finala çıxacaqlar
"Azərbaycanda gimnastikanın inkişafına mühüm önəm verilir və bu idman növünün inkişafı üçün lazımi şərait yaradılıb".
21 İyul 2016 17:46 İdman"Azərbaycanda gimnastikanın inkişafına mühüm önəm verilir və bu idman növünün inkişafı üçün lazımi şərait yaradılıb".
Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən İtaliya qrup komandasının məşqçisi Emanuela Makarani deyib.
E.Makarani bildirib ki, son illər ərzində Azərbaycanda gimnastika xeyli inkişaf edib, artıq Azərbaycanın güclü komandası formalaşıb: "Azərbaycanda gimnastlar üçün gözəl şərait yaradılıb, müasir infrastruktur mövcuddur və təbii ki, bu da gimnastikanın inkişafına böyük təkan verir".
İtaliyalı məşqçi Dünya Kubokunun yüksək səviyyədə təşkil edildiyini deyib: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir. Mən Azərbaycana ilk dəfə 2005-ci ildə Bədii gimnastika üzrə dünya çempionatında gəlmişdim. O yarış xüsusi olaraq bizim yaddaşımızda qalıb. Çünki həmin yarışda bizim komandamız qızıl medal qazanmışdı. Azərbaycan bu dəfəki yarışmanı da çox gözəl təşkil edib. Gimnastların təlim keçməsi, istirahəti üçün hər cür şərait yaradılıb".
İtaliyalı məşqçi Azərbaycanın güclü komandasının olduğunu qeyd edərək ölkəmizi özlərinə rəqib gördüyünü bildirib: "Rəqib kimi Azərbaycanı, Rusiyanı görürük. Azərbaycanın güclü komandası var və inanırıq ki, finala çıxacaqlar".
E.Makarani Bakını da çox bəyəndiyini bildirib: "Mən bura sonuncu dəfə gələndən indiyə qədər Bakı xeyli inkişaf edib. Bakı gecələri xüsusilə gözəldir, şəhər sanki parlayır. Azərbaycana gəldiyimiz üçün çox sevinirik".