Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır
19-24 iyul tarixlərində İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
18 İyul 2016 12:06 İdman19-24 iyul tarixlərində İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. AGF-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib. Proqrama əsasən, iyulun 19-20-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. İyulun 21-22-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 7 qız güləşçimiz - Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Sevinc Əhədova (46 kq), Jalə Əliyeva (49 kq), Alina Zakoeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempion adı uğrunda yarışacaq. Nəhayət, son 2 yarış günü, yəni iyulun 23-24-də yunan-roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.
Beynəxalq dərəcəli hakim Natiq Hacıyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.