Tom Butçer: “Formula-1”ə aid qurğuların sökülməsi prosesi altı həftə davam edəcək”
23 İyun 2016 15:27 İdman"Dörd gün əvvəl Azərbaycan çox möhtəşəm yarışa ev sahibliyi etdi. Heç kim "Formula-1" üzrə Avropa Qran-Prisinin belə gözəl reallaşacağını təsəvvür edə bilmirdi. Amma Azərbaycan bu işin öhdəsindən peşəkarlıqla gəldi". Bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O, hazırda trek ətrafındakı baryerlərin, tribunaların və pit binasının sökülməsinə başlanıldığını qeyd edib: "Bütün bunlar müvəqqəti xarakter daşıyırdı. "Formula-1"ə aid qurğuların sökülməsi prosesi altı həftə davam edəcək. Konstitusiya Məhkəməsinin qarşısındakı və Azneft meydanındakı tribunaların sökülməsinə artıq start verilib. Nəqliyyatın hərəkəti üçün əsas yollar artıq açılıb. Həmçinin nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub. Eyni zamanda, binaların girişində və mağazaların qarşısındakı baryerlər də götürülüb".
T.Butçer sökülən avadanlıqların üstü qapalı üç böyük anbarda saxlanılacağını bildirib: "Müqaviləyə əsasən, "Formula-1" yarışları Azərbaycanda 5 il keçiriləcək. Bu müddət üçün avadanlıqların böyük əksəriyyəti alınıb. Onların bir hissəsi isə icarəyə götürülüb. Növbəti 5 ili yüksək səviyyədə keçirdikdən sonra, vəziyyətə baxılacaq, yarışların yenə də Bakıda təşkil olunmasına qərar verilsə, həmin avadanlıqlardan istifadə etmək mümkün olacaq. Bütün avadanlıqlar və qurğular anbarlara yerləşdiriləcək. Növbəti ildə onlar çıxarılıb, təmizlənib quraşdırılacaq".
O vurğulayıb ki, Amerikadan gətirilmiş xüsusi təhlükəsizlik baryerləri ilk dəfə olaraq "Formula-1" yarışlarında məhz Bakıda istifadə olunub və onlara zərər dəyməyib: "Pilotlar həmin baryerlər olan hissələrdə qəza törətməyiblər. Növbəti 5 il ərzində biz onlardan yenə istifadə edəcəyik".