Formula-1 yarışına bilet alanlar üçün fasiləsiz əyləncə proqramı

 

Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinə bilet əldə etmiş azarkeşlər üçün həftəsonu ərzində fasiləsiz əyləncə proqramı nəzərdə tutulub. SİA-nın məlumatına görə, proqram, dünya səviyyəli ulduzların səhnə performansları və uşaqlar üçün təşkil olunmuş müxtəlif əyləncə növləri ilə zəngindir.

Bütün əyləncə məkanları gözəl mənzərəli Xəzər dənizinin sahili boyu uzanan Dənizkənarı Bulvarda yerləşən əyləncə zonalarında təşkil olunub. 

Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün "Yeah3x", "Look At Me Now" və "Beautiful People" kimi məşhur hitlərini ifa edəcək. 

Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. "Latın Pop Musiqisinin Kralı" kimi tanınan ispan əsilli müğənni səhnədə özünün "Hero", "Bailamos" və "I Like It" kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində "Get Lucky", "Happy" və "Frontin" kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula-1 tədbiri yekunlaşacaq.

Qran Pri həftəsonu ərzində müxtəlif yerli musqiçilər canlı musiqi ifalarını təqdim edəcək, Formula-1 pilotları ilə görüş və avtoqraf sessiyaları təşkil ediləcək. 

Azərbaycan Mədəniyyəti Guşəsi, Səyyar, Ailəvi Əyləncə Proqramları fəaliyyət göstərəcək. 

Uşaqlar, həmçinin, Bulvarda daimi xidmət göstərən müxtəlif attraksionlarda - elektromobillərdə, pirat gəmi-yelləncəklərində, qorxu otaqlarında, vertikal qüllələrdə və digər karusellərdə əylənə biləcəklər.

F1 Oyun Zonası, Formula-1 Rəsm Qalereyası, Akva Skript Su Paneli, 3D Yerüstü Qraffiti, İstirahət Zonası, Ramazan Çadırı, Dırmaşma Divarı, Hava Turbini, Yarımdairəvi Skeyt Parkı, Batut Şousu, Motosiklet Şousu,Uşaqlar üçün Sürücülük Məktəbi, Uşaqlar üçün Kartinq də təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31