Qanunlarımızın ekspertizası aparılır
16 İyun 2016 15:21 İdmanMilli Məclis (MM) Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası (AŞ) Venesiya Komissiyasının üzvü Lətif Hüseynov iyunun 16-da parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə keçirilən "18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü" adlı dinləmələr zamanı Aparatda qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini nəzərə çatdırıb. O, çıxışında deyib ki, AŞ-nin Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunub: "İnsan hüquqları dedikdə mülki, siyasi hüquqları başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadi və sosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisdə bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. Sosial dövlət termini Konstitusiyamızda işlənmirdi, ancaq sosial yönüm dövlət siyasətinin tərkib hissəsi idi. Sonradan Konstitusiyaya dəyişiklik edərkən sosial yönümlü iqtisadi siyasət məsələsi daxil edildi. Biz siyasi reallığı Konstitusiyaya gətirdik".