Karlos Sayns: “Bakıda ən yüksək sürətin olması gözlənilir”
16 İyun 2016 15:10 İdman"Toro Rosso" komandasının üzvləri Daniil Kvyat və Karlos Sayns Formula-1 çempionatında gənc pilot olduqlarından, hələ ki, heç bir Avropa Qran Prisində iştirak etməyiblər. SİA-nın məlumatına görə, onlar Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisindən öncə Bakı Şəhər Halqasını simulyatorda test edib, fikirlərini bildiriblər.
D.Kvyat BŞH-nin maraqlı hazırlandığını və yarışa hazır olduğunu qeyd edib: "Hər zaman yeni şəhərlərə səfər etmək mənim üçün maraqlı olub. Bakıda şəhər trekidir, ona görə sükan və pedal ilə ciddi çalışmaq gərəkəcək. Şəhər treklərində bəzi hiyləliklər düşünmək lazım gəlir.
Treki simulyatorda testdən keçirmişəm . Bu, trek barədə bəzi məlumatları əldə etməyə kömək edir. Həmçinin, mühəndislərimiz simulyator vasitəsi ilə bolidi necə sazlamaq gərəkdiyi haqqında məlumat ala bilirlər. Bakı Şəhər Halqasına ilk baxışda 16-cı döngədən 1-ci döngəyə kimi olan uzun düzlük gözə çarpır.
Dövrənin başlanğıcı - düz bucaq altında dörd döngə, sonra isə çox maraqlı hissə başlayır: biz şəhərin tarixi mərkəzindən keçirik - çox güman ki, bu maksimal dəqiqlik tələb edən ən dar sektor olacaq.
13,14 və 15-ci döngələr də sürət baxımıdan seçilir və mənə elə gəlir ki, 15-cü döngədən əyləc çox da asan olmayacaq. Görək, real yarışda necə alınacaq. Sonda 90 dərəcə hərəkət istiqaməti dəyişən orta sürətli 16-cı döngədən keçilir və bir də 1-ci döngədə əyləcə basılır.
Bakı treki mənə Valensiyanı xatıradır. Şübhə etmirəm ki, maraqlı olacaq və mən buna tam hazıram. Bakıya məni dəstəkləyən çox sayda rus pərəştişkarlarının gəlməsini gözləyirəm. Hər şey çox yaxşı olacaq!
K.Sayns yarışın çox maraqlı keçəcəyinə inandığını bildirib: "Yarışa hazırlaşıram, lakin bizi nə gözləyəcəyini bilmirəm. Bir neçə dəfə simulyatoda test etmişəm. Lakin yeni trekə gəlmək hər zaman maraqlıdır.
İlk 4 döngə - 90 dərəcə altındadır. 5-ci döngədən sonra trek daha da maraqlı olur. Bu, mənə Makao trekini xatırladır. Orada trekin bir hissəsi 7 və 12-ci döngələr arasındakı hissəni xatırladır. 16-cı və 1-ci döngələr arasındakı hissə isə Makaoda olan uzun düzlüyü xatırladır.
Bakıda ən yüksək sürətin olması gözlənilir. 16-cı döngədən 1-ci döngəyə kimi ayağı qaz pedalından qaldırmamaq olar. 15-ci döngədə əyləcə basmaq asan olmayacaq. Bu, simulyator testimizdə məhz belə görünür. Bakıya ilk səfərim olduğu üçün, başqa məlumatım yoxdur. İnanıram ki, çox maraqlı olacaq. Makao treki mənim üçün əfsanəvi trekdir və çox sevinirəm ki, Formula-1 təqvimində ona bənzər daha bir trek yarandı".