Yelena Pavluxina: "Rio-2016"da marşrut kifayət qədər çətindir"
14 İyun 2016 16:42 İdmanRio Olimpiadasında şosse velosipedinin qrup yarışlarında mübarizə aparacaq Azərbaycan idmançısı Yelena Pavluxina yerli mətbuata açıqlama verib. SİA-nın məlumatına görə, velosipedçi olimpiadada iştirak üçün qazandığı lisenziya xalları haqqında danışıb: "Avropa Oyunlarında fərdi ötüşmədə 6-cı olmuşdum. Çexiyadakı yarışda da qalib gəldim və lisenziya xalları qazandım. Apreldə isə Çində keçirilən beynəlxalq turnirdə uğur qazandım və reytində ilk 100-lükdə qərarlaşdım. Bu isə Olimpiadada iştirak etmək üçün yetərli oldu. Öncədən Olimpiadaya vəsiqə qazanacağıma inamımı itirmirdim və buna nail oldum. Ümumilikdə 149 xal yığdım. Qeyd edim ki, olimpiadada qrup yarışlarında 67 qadın velosipedçi iştirak edəcək".
O, "Rio-2016"da bu növdə əsas favoritlərin Polşa və Hollandiya idmançılarının olduğunu qeyd edib.
İdmançı olimpiadada çıxışı haqda öncədən danışmaq istəmədiyini bildirib: "Nəticə yarışda bilinəcək. Özümə inanıram. Bütün gücümlə mübarizə aparacağam. Sloveniyada təlim-məşq toplanışında iştirak edəcəyəm. Əsas hazırlığım orada olacaq".
Velosipedçi Braziliyadakı treklə virtual tanış olduğunu vurğulayıb: "Trekin uzunluğu 140 km-dir. İki yoxuş, enişlər və 2 km qənbər yol var. Döngələr də çoxdur. "Rio-2016"da marşrut kifayət qədər çətindir".
O əlavə edib ki, Olimpiadada iştirak Azərbaycanda bu idman növünün inkişafına təkan verəcək.