"Beşiktaş"a vurduğum qolun yeri ayrıdır"

"Sivasspor"un 29 yaşlı hücumçusu Aatif Şeyşunun adı "Fənərbağça" ilə hallanır. Fransalı forvard 2012-ci ildən Sivas klubunun şərəfini qoruyur və 41 dəfə fərqlənə bilib. Goal.az onun müsahibəsini təqdim edir.

- Adının mənası nədir?

- Bu, həyatım boyu məni dəli edib. Adımı düzgün yazmaq üçün illərlə əziyyət çəkdim (gülür). Məktəbdə sinif yoldaşlarım və müəllimim adımı səhv yazanda mənə gülürdü. Mənasını bilmirəm. Atamdan soruşdum, o da bilmədi. Soyadımı nəzərə alıb mənə qısa ad verdiyi üçün atama minnətdaram.

- Fransada doğulsan da, əslən mərakeşlisən. Böyüdüyün yer necə idi?

- Fransada boya-başa çatsam da, Mərakeşə tez-tez gedirəm. Anam əvvəl işsiz idi. Sonra bir restoranda işə düzəldi. Atam gözətçi idi. Artıq hər ikisinə mən baxıram. Maddi durumumuz heç vaxt super olmayıb. Buna baxmayaraq yoxsulluq da görməmişəm. Böyük qardaşlarım da işləyirdi. Pul qazanmağa başlayandan sonra ailə xərclərini öz üzərimə götürdüm. Ərəblərin məhəlləsində yaşayırdıq. Futbol karyerama yeni başlayanda valideynlərim mənimlə çox maraqlanmırdı. Fransız dostlarımın ailələri məni məşqə aparıb gətirirdi.

- Həvəskar səviyyədə niyə çox qaldın?

- Əslində 21 yaşımda "Sedan" mənə peşəkar müqavilə təklif etmişdi. Həmin vaxt çalışdığım məşqçilər məni düzgün yönəlndirmədi. Onlara qulaq asıb təklifi rədd etdim. Sonra ortalıqda qaldım. İşsizlik müavinəti almaqla kifayətləndim. Təxminən 1 il belə keçdi. Daha sonra Parisdə bir kluba gəldim. "Nancy"nin diqqətini burda cəlb etdim.

- Bolqarıstan çempionatında durumun necə idi?

- "Nancy" klubuyla 3 illik müqavilə imzalamışdım. Birinci il meydana nadir hallarda çıxdım. Ailə qurmuşdum, bir qızım vardı. Oynamaq lazım olduğunu düşünüb Bolqarıstana getdim. Orda 6 ay çıxış etdikdən sonra Türkiyə çempionatına gəldim.

- "Sivasspor"da fərqli dillərdə danışan 5-6 futbolçu bir-birini necə başa düşür?

- Birtəhər anlaşırıq. İspanca, türkcə.. Məzəli situasiyadır. Yavaş-yavaş türk dilini öyrənirik. Bir-birimizlə çox zarafatlaşırıq.

- "Chernomorets Burgas"da altı aya 10 qol, 15 məhsuldar ötürmənin müəllifi olmuşdun. Fransada bunu etməyinə nə əngəl törətmişdi?

- Fransada özünəinam az idi. Bolqarıstan və Türkiyədə mənə etimad göstərirlər. "Chernomorets"də komandanın ulduzu mən idim.

- Hücumda hər bütün mövqelərdə oynamısan. Hansı mövqe sənə daha rahatdır?

- Fransada 18 yaşadək komandada mərkəz müdafiəsində oynayırdım. Çox fintlər edib hücuma çıxdığım üçün məni irəli çəkdilər.

- Müdafiəçi xüsusiyyətlərinin qalmasından, deyəsən, narazı idin. Üzərində işləyirsən?

- Daha çox topla oynamağı sevirəm. Böyük klublara qol vuranda sevinirəm. "Beşiktaş"a vurduğum qolun yeri ayrıdır mənimçün. "Nancy"nin ehtiyat skamyasında oturanda heç kimin yadına düşmürdüm. Türkiyədə zəhmətimin bəhrəsini görürəm.

- Futboldan qazandığın pulu hara xərcləyəcəksən?

- Ailəmə gözəl bir ev almaq istəyirəm. Mənim çox geniş ailəm var. Onlar Mərakeşdə yaxşı şərtlərdə yaşamır. Sadə insanam. Lüks maşınlar, bahalı geyimlərə maraq göstərmirəm. Pulu asan qaznmıram, boş yerə xərcləmərəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31