Ağacan Abiyev: "Olimpiadada tam heyətlə mübarizə aparmaq niyyətindəyik"
8 İyun 2016 16:21 İdman"Azərbaycan boksu yüksək səviyyədə inkişaf edib. Boksçularımız dünya, Avropa çempionatları, Olimpiya Oyunları, beynəlxalq turnirlərdə uğurla çıxış edirlər". Bunu SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyev edib.
O qeyd edib ki, iyunun 14-26-da Bakıda Olimpiya Oyunlarına son lisenziya yarışı keçiriləcək: "Yarışa 300-ə yaxın idmançı qatılacaq. Bütün heyətləri nəzərə alsaq, Bakıya 400-500 qonaq gələcək. Onları Atletlər Kəndində yerləşdirəcəyik. Yarış isə "Sərhədçi" Olimpiya İdman Kompleksində keçiriləcək. Artıq 7 boksçumuz Olimpiya Oyunlarına lisenziya qazanıb. 10 çəkinin 7-dən lisenziyamız var. Son yarışda da 2-3 lisenziya qazanıb Rio Olimpiadasında tam heyətlə mübarizə aparmaq niyyətindəyik".
A.Abiyev bildirib ki, millimiz Olimpiadaya ən çox 2004-cü ildə lisenziya qazanıb (9 boksçu): "Orada 2 bürünc medal qazanmışdıq. Londonda da belə oldu. Bu dəfə isə daha çox boksçu ilə daha çox medal qazanmaq istəyirik. Azərbaycan Boks Federasiyası boksçularımızın hazırlığı üçün yüksək şərait yaradıb. İdmançılarımız Olimpiya Oyunlarına çox ciddi şəkildə hazırlaşırlar. Gənclər və İdman Nazirliyi də idmançılarımıza böyük dəstək verir. Millimiz Olimpiadadan öncə Amerikanın Florida ştatında hazırlıq keçəcək. Komandamızda dünya, Avropa çempionları, Avropa Oyunlarının qalibləri var. Bu heyətlə Rio-2016-da uğurlu çıxış edəcəyimizə inanıram. Əsas məqsədimiz isə qızıl medallar qazanmaqdır. Rio Olimpiadasında ümumi komandamızın həm sayca, həm də keyfiyyətcə yaxşı nəticə göstərəcəyinə böyük ümid bəsləyirik".