"Qarabağ"dan ilk transfer
26 May 2016 18:34 İdman"Qarabağ" "Qəbələ"dən ayrılan Arif Daşdəmirovu heyətinə cəlb edir. Anspress xəbər verir ki, Ağdam təmsilçisi yaxın iki gündə Dəşdəmirovla müqavilə imzalayacaq.
"Qarabağ"ın millimizin üzvü ilə iki illik müqavilə imzalayacağı gözlənilir. 28 yaşlı müdafiəçi bu yay transfer pəncərəsində Ağdam klubunun aldığı ilk futbolçu olacaq.
Daşdəmirov 2015/16 mövsümünü "Qəbələ"də keçirilb. Mövsüm yekunlaşandan sonra o, bölgə klubu ilə yolları ayırıb.
Arif Daşdəmirov ötən mövsümün əvvəlində "Qəbələ" ilə 1 illik müqavilə bağlamışdı. O, bölgə klubunda 46 oyun keçirib və 1 qol vurub. Milli komandamızın üzvü əvvəllər "Şahdağ", "MKT-Araz", "Masallı", AZAL, "Standard" və "İnter"in formasını geyinib.
Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün çempionu "Qarabağ" yeni rekorda imza atıb. Ağdam klubu mövsümü ən böyük xal fərqi ilə başa vuran komanda adını qazanıb.
2015/16 mövsümünü 84 xalla bitirən Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi "Zirə"ni 22 xal arxada qoyublar. Azərbaycan çempionatlarının 24 illik tarixində heç bir komanda yekun cədvəlində belə böyük fərqlə nail olmayıb. "Qarabağ"ın rekordunadək ən yaxşı nəticə "Kəpəz"ə məxsus idi. Qərblilər 1997/98 mövsümündə 26 matçda 70 xal toplayaraq 2-ci olan "Dinamo"dan 16 xal öndə qərarlaşıblar. Sonuncu turda "Qarabağ"ın AZAL-ı 3:0 hesabı ilə məğlub etməsi, "Zirə"nin isə "İnter"ə 0:1 hesabı ilə uduzması yeni rekordu rəsmiləşdirib. Əks halda isə 18 il əvvəlki rekord təkrarlanmış olacaqdı.
"Qarabağ" həm də 84 xal toplamaqla qələbəyə görə 3 xalın verildiyi çempionatlarda bir mövsümdə ən çox xal qazanan komanda adına yiyələnib. Bunadək rekord 1998/99 mövsümümdə ümumi hesabda 83 xal yığan "Kəpəz"ə məxsus idi. Hərçənd iki mərhələdə keçirilən həmin yarışda xallar mərhələlər üçün fərqli hesablanıb.