Van Qaalın vida açıqlaması: "25 il ərzində məni bu cür dəstəkləyən olmamışdı"

"Mançester Yunayted"in sabiq baş məşqçisi Lui van Qaal klubdakı 2 illik fəaliyyəti barədə söhbət açıb. Goal.az xəbər verir ki, klubun saytına açıqlamasında təcrübəli mütəxəssis bunları deyib:

"Mançester Yunayted" kimi tanınmış klubda işləmək mənim üçün şərəf idi. Eyni zamanda çoxdankı arzum həyata keçmiş oldu. Komandaya 12-ci İngiltərə Kubokunu qazanmaqda kömək etdiyimə görə şadam. Məşqçilik karyeram ərzində 20 mükafat qazana bilmişəm. Amma zəngin tarixə malik İngiltərə Kubokunu qazanmaq mənim üçün xüsusi uğurlardan biridir. 3 illik planımı icra edə bilmədiyimə görə məyusam. Əminəm ki, qoyduğum təməl kluba irəliləmək və uğur qazanmaqda kömək edəcək. Hollandiya, İspaniya və Almaniyada çalışandan sonra İngiltərə futbolu və mədəniyyəti ilə yaxından tanış olmağı arzulayırdım. Hər iki gözləntim yerinə yetdi. Futbolçularıma təşəkkür edir və yeni mövsümdə onlara uğurlar arzu edirəm. Onlarla işləmək xoş idi. Xüsusilə gənc futbolçuların əsas komandaya çıxıb özünü göstərmək şansı qazanması sevindiricidir. Növbəti mövsüm bu gənclərin inkişafını izləyəcəm. "Mançester Yunayted" rəhbərliyinə təşəkkür edirəm ki, mənə belə gözəl klubda çalışmaq imkanı verdi. İstisnasız olaraq klubu bütün əməkdaşları - təhlil bölməsi, tibbi heyət, oyun ləvazimatına cavabdeh şöbənin işçiləri, inzibatçılar, mətbuat xidmətinin rəhbəri, menecerlər, akademiyasının əməkdaşları, meydançanın vəziyyətinə nəzarət edən personal, "Old Trafford" rəhbərliyinə təşəkkür edirəm. 25 il ərzində məni bu cür dəstəkləyən olmamışdı. "MY" azarkeşlərinə də minnətdaram. Onlar, həqiqətən də, dünyada ən yaxşı fanatlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31