“Neftçi” U-12 Liqasının qalibi olub
23 May 2016 18:50 İdmanBu gün keçirilmiş 2 oyunla futbol üzrə U-12 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub. SİA-nın məlumatına görə, III yer uğrunda oyunda "Qəbələ" 1:0 hesabı ilə "Neftçi" İK-nın müvafiq yaş qrupundan ibarət komandasına qalib gələrək mövsümü mükafatçılar sırasında başa vurub.
Bayıl stadionunda keçirilmiş final oyununda isə "Neftçi" "İnter"i 2:1 hesabı ilə məğlub edərək U-12 Liqasının qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Liqanı üçüncü pillədə başa vurmuş "Qəbələ", ikinci yeri tutmuş "İnter" və turnirin qalibi "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.
Sonda "Neftçi" komandasına kubok təqdim olunub.
Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Azərbaycan milli komandasının üzvü Ruslan Qurbanov təqdim ediblər.
U-12 Liqasının bombardiri 57 qolla "Ağsu" komandasının üzvü Əfqan Nuriyev olub. "İnter"in üzvü Nicat Quliyev liqanın ən yaxşı futbolçusu seçilib. Fair Play mükafatına isə "Qəbələ"nin oyunçusu Emil Süleymanov layiq görülüb.