Helio Souza: "Oyun qurmağımız rəqibin taksitasından asılı olacaq"

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının final matçından (İspaniya-Portuqaliya) öncə mətbuat konfransında Portuqaliya yığmasının baş məşqçisi Helio Souza qarşılaşma haqda fikirlərini bildirib. SİA-nın məlumatına görə, mütəxəssis yarışın son görüşünün maraqlı olacağını qeyd edib: "Hər iki komanda finala qədər böyük yol keçib. Final görüşü asan olmayacaq. Ancaq biz öz üslubumuzla oynayacağıq. Oyun qurmağımız rəqibin taktikasından asılı olacaq. Düzdür, İspaniya futbolu Avropada hegemonluq edir. Ancaq 8 dəfə İspaniya, 5 dəfə Portuqaliya Avropa çempionu olub. Yəni biz də İspaniyadan geri qalmırıq. Final oyununa da hazırıq".

Baş məşqçi vurğulayıb ki, hər il komandanı formalaşdırmaq üçün son 18 futbolçunu seçməkdə çətinlik çəkirlər. O, final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsini arzuladığını, ancaq "Bakcell Arena"nın da yaxşı stadion olduğunu bildirib.

Xatırladaq ki, final matçı mayın 21-də "Bakcell Arena"da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31