Santi Denia: "Rəqibin səhvlərindən yararlanmağa çalışacağıq"

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının final matçında İspaniya və Portuqaliya yığmaları qarşılaşcaq. SİA-nın məlumatına görə, oyun öncəsi mətbuat konfransında fikirlərini bildirən İspaniya millisinin baş məşqçisi Santi Denia qarşılaşmanın çətin və maraqlı keçəcəyini bildirib: "Bizim öz oyun fəlsəfəmiz var. Bu oyunda da ənənəmizə sadiq qalacağıq. Hər iki komanda finalda oynamağa layiqdir. Final görüşündə azarkeşlər gözəl oyunun şahidi olacaqlar. Rəqibin səhvlərindən yararlanmağa çalışacağıq. Hər kəs bilir ki, komandamız ən pis statistikaya sahibdir. Futbolçularla daha çox çalışmalı olduqları haqda danışmışam. Onlar isə tapşırıqlarıma əməl edirlər".

Mütəxəssis final oyununun hansı stadionda keçirilməsinin onlar üçün önəmli olmadığını qeyd edib. O, stadionun UEFA tərəfindən müəyyənləşdirildiyini və bunun komandalara aid məsələ olmadığını vurğulayıb.

Baş məşqçi oyunun penaltilərə qədər uzanmasını istəmədiyini söyləyib: "Qarşılaşmanın əsas vaxtında qalibin müəyyənləşməsini istəyirəm. Ancaq oyun penaltilərə qalsa da, buna hazırıq. Penalti vurmağı nə qədər məşq etsən də, oyun zamanı çalışdığın kimi vurmaq çətindir. Futbolçu azarkeşlər önündə təzyiqi hiss edir".

Santi Denia komandasına futbolçuların seçilməsindən də danışıb: "Əksər hallarda U-16 və U-17 ilə birlikdə təlim-məşq toplanışları keçiririk. Zədəlilər və klublarında oynamayanları ayırdıqdan sonra, əlimizdə 30 futbolçu qalır. Onlardan isə 18 nəfər seçirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31